Unikal.org Aparıcı-aktrisa Umnisə Hacıyevanın "Qafqazinfoya müsahibəsini təqdim edir:

-İntensiv olaraq rəqslə məşğul olursuz. Sizi rəqs etməyə nə vadar etdi?

- Rəqs etməyi çox sevmişəm. Sosial şəbəkədə rəqslə bağlı bildiriş gəldi, mən də qatılmaq qərarına gəldim. Bir neçə gün bura gəldim, rəqs etdim. Gördüm ki, xoşuma gəlir. Sonra həvəs daha çox yarandı. Bu başdan deyim ki, rəqqasə olmayacam. Amma maraqlı bir şou proqramda özəl olaraq rəqs edə bilərəm (gülür).

- 2013-cü ildə sosial şəbəkələrdə və yerli mediada böyük rezonans doğurduz. Hər kəs sizi müzakirə etməyə başladı. Siz isə efirlərdən tamamilə uzaqlaşdız, sosial şəbəkədə hesablarınızı bağladız. Belə bir addım atmağınıza səbəb nə oldu?

- Hər kəs bu mövzu ilə bağlı bir sual verir və müxtəlif səbəblər sadalayır. Bizim insanlar mənə qarşı çox aqressiv oldular. İndi instaqramı açırsan, baxırsan ki, profilləri açıqdır və istədikləri şəkli paylaşırlar. Onlar nə rəqqasə, nə də müğənnidirlər. Onu deyim ki, mənim paylaşdığım fotolarda heç nə yox idi. Ancaq üç il bundan əvvəl böyük ajiotaj yaratdı.

- Belə düşünürəm ki, siz müzakirə olunmaqdan və artıq yazılan şərhlərdən bezdiz. Bu səbəbdən kənara çəkildiz. Sizcə, doğru düşünürəm?

- Düzdü, müzakirə olunmaqdan da bezdim. Yenə deyirəm, insanlar mənə qarşı çox aqressiv oldular. Lakin dəstək olanlara da rast gəldim. İnstaqram və feysbuku bağladım, beynim çox yorulmuşdu. Belə şərhlər mənə problemlər yaradırdı, əsəbiləşirdim, qıcıqlanırdım. Ancaq bugünkü ağlım olsaydı fikir verməzdim. Üç il bundan qabaq yaşım az idi, insan özünü cilovlaya bilmir, əsəbiləşir və tez özündən çıxır. İndi isə 25 yaşım var və formalaşmış fikirlərim mövcuddur. İnsanlara elə-belə baxmıram, onları analiz edirəm. İndi verilən sualları düşünüb cavablandırıram.



- 3 il sonra geri qayıtdız. Bəs qayıtma səbəbiniz nədir?

- Gördüm ki, getməyimə bir çox insanlar sevindi. Onlar mənimlə bir çörək yeyən şəxslərdir, adlarını çəkmək istəmirəm. Yıxılana təpik vuran tiplərdəndir. Qayıtmağımın əsas səbəbi o şəxslər deyil. İçimdə incəsənətə sevgi var, onsuz yaşaya bilmirəm. Universitetə diplom almaq üçün girməmişəm, bu sahəni çox sevirəm. İkinci səbəb deyə bilərəm ki, həmin sevinən şəxslərdir. Onlar "Umka getdi, "Umka artıq yoxdur deyirdilər, sevinirdilər. Amma mən qayıdıram. Qayıdışım isə elə-belə olmayacaq.

- "Umka niyə "Umma oldu? Adınızdan narazısız?

- Əslində Umka Umma olmayıb və yaxud əksinə... Əsl adım Umnisədir. Adımı çox bəyənirəm, narazı deyiləm. Sadəcə çox insan adımı soruşur, mən də Umnisə olduğunu deyirəm. Onlar isə uzundur, bir az qısaldaraq deyirlər. Kimisi Umka, kimisi isə Umma deyə müraciət edir. Adım ərəb mənşəlidir. "Um qadın, "nisə isə xanım deməkdir. ANS vaxtında belə Umma deyirdilər. Mən mən olaraq qalmışam.

- Baxımlı xanımsız, işsiz qalmaq sizin üçün çətin olmadı? Buna geyim almaq və sairə daxildir.

- Bu günə kimi pulu evdən götürürəm. Düzdü, ailəmə yük oluram. Hələ ki, işim yoxdur, onlar mənə maddi və mənəvi dəstək olurlar. Hər zaman pulla təmin ediblər.

- Məlum qalmaqaldan uzun müddət sonra Xəzər TV-yə qayıdacağınız deyilir. Doğrudur?

-Bu barədə hələ danışmaq istəmirəm. Vaxt gələndə hər kəsə məlumat verəcəm.

- Sizin əvvələr ANS-dən qovulduğunuzu demişdilər, siz isə təkzib etmişdiz. İllər həqiqəti üzə çıxarır. Zaman keçib, əslində hadisə necə baş vermişdi?

- Gördüyünüz kimi, illər həqiqəti üzə çıxardı.



-Kanal bağlandı deyə belə cavab verdiz?

- (Gülür) Sualınıza cavab verim. Hər kəs bir versiya irəli sürür. Hadisənin doğrusunu sizə danışacam. Hətta, o vaxtlar bir çox saytlara düzgün açıqlama vermişdim, ancaq onlar fikirlərimi təhrif etmişdilər. Yay fəsli idi, kanal rəhbərliyindən istirahət istədim. Bizdə reytinqə görə maaş alırsan. Reytinq az olanda maaşı çox az miqdarda verirlər. Mən il ərzində çalışdım, ancaq yorulmuşdum, istirahət hüququmdan istifadə etmək istədim. Onlar mənimlə razılaşmadılar, istirahət vermədilər. Onu da deyim ki, bir neçə dəfə işdən çıxmağımla bağlı ərizə yazmışdım, ancaq cırılıb kənara atılmışdı. İkinci dəfə onlara müraciət etdim ki, istirahət istəyirəm. Bütün verilişlər tətilə çıxmışdı, bir mənim verilişimdən başqa! Mən də insanam, ilin 12 ayı işləmək məcburiyyətində deyiləm. Bunu düşünərək xaricə getmək üçün bilet aldım, üçüncü dəfə onlara dedim ki, mən gedirəm, biletimi almışam. İşdən çıxmağımla bağlı ərizəmi yazdım. Üstündən üç gün keçdi, çəkiliş olmalı idi. Həmin günü ölkədən getdim. İyul ayının 1-də istirahətə yollandım, mənə yazdılar ki, işə gələrsən. Daha sonra istirahətdən qayıtdım, ANS-ə gəldim, dedim ki, yox, işləmək istəmirəm. Çünki, orada bir çox şeylər məni sıxırdı. Məncə, aparıcı bir qədər azad olmalıdır. Mənim işim verilişi aparmaqdır, gəlirsən, yazını yazırsan, efirə çıxırsan, daha sonra isə azadsan. İşdə olmaq, 24 saat kanalda qalmaq məcburiyyətində deyilsən. Mən belə düşünürəm, çəxsi fikrimdir. İyulun 8-i ad günüm idi, restoranların birində qeyd edirdim. Gördüm ki, feysbukdan mənə linklər atırlar. Elə bilirəm ki, "spamdır, açmıram. Bir neçə dəfə başıma gəlmişdi, "spamlara girmişəm, profilimi sındırblar. 12-də evə gəldim, Aqil M. Quliyev mənə mesaj yazdı. Bildirdi ki, hər şey yaxşı olacaq, narahat olma. Mənim də vəziyyətdən xəbərim yoxdur. Linkə daxil oldum, "ANS-in aparıcısı soyundu başlığı ilə xəbər oxudum və şok keçirdim. Mənə maraqlıdır ki, məlumat 1-2 gün, uzağı bir həftə müzakirə oluna bilər. Ancaq məndən bir ay danışdılar, müzakirə etdilər. Həmin fotolarımı şəxsi instaqram səhifəmdə paylaşmışdım, lövhəm isə gizli idi. Orada məni tanış və əziz insanlar izləyirdi. Sağ olsunlar, onlardan bəziləri fotoları saytlara yaymışdı. Mən işdən özüm çıxıram, səhəri günü isə məni qovulmuş kimi təqdim edirlər.

- Hadisədən sonra ANS TV rəhbəri ilə görüşmüsüz, üz-üzə gəlmisiz? Onlardan soruşduz ki, sizin haqqında niyə "milli-mənəvi dəyərlərə qarşı çıxıb ittihamı irəli sürüldü.

- Mənə qarşı ciddi ittiham irəli sürdülər. Guya, milli mentalitetə uyğun addım atmamışam. Hamımız nələrin harada, necə baş verdiyini bilirik. Yox, rəhbərliklə görüşmədim, üz-üzə gəlmədim. Mən heç kəsə pislik arzulamıram. Həyatda nə istəyirəmsə, ona da nail oluram. Bu səbəbdən kiməsə pislik diləmək istəmirəm, insanları Allaha tapşırıram. Qoy, Allah sizə nə verirsə, o da olsun.



- Sizcə çimərlik geyimində foto paylaşmaq milli-mənəvi dəyərlərə ziddir? Umka üçün milli-mənəvi dəyərlər nədir?

-Mənim üçün açıq geyinmək, qaş almaq milli-mənəvi dəyərləri pozmaq deyil. Sən azərbaycanlısan, başqa ölkəyə gedərkən öz mədəniyyətini, incəsənətini, mentalitetini göstərirsən, təbliğ edirsən. Bunu qaş almamaqla, qısa geyinməməklə göstərmək lazım deyil. İnsan azaddır, indi heç kəsin geyiminə pis baxmırlar. 5-10 il əvvəl cırıq şalvar geyinənlər birmənalı qarşılanmırdı. Mən belə şeylərə normal baxıram, ümumiyyətlə, insanların seçiminə qarışmıram.

- Elə aparıcılar var ki, özlərini efirlərə çıxararaq tamaşaçılara zorla sevdirirlər. Ancaq heç biri yadda qalmır. Sizdə isə tamam fərqlidir. Unudulmamağınızın səbəbi nədir?

- Şəhərdə müxtəlif yerlərdə oluram, banka, mağazalara gedirəm. Birinci tanımaqda çətinlik çəkirdilər. Çünki 360 dərəcə dəyişmişəm. Onlar daha sonra sual verirdilər ki, siz Umka Hacıyevasız? Mən isə boynuma almırdım. Onda başa düşdüm ki, insanların yaddaşlarından silinməmişəm. ANS-də işləyəndə hər kəs məni tanıyırdı, sevirdi. Çünki özüməm, səmimiyəm. Heç kəsə yaltaqlanmıram, arxasıyla danışmıram, özümü zorla sevdirmirəm. Yalançı insan deyiləm, həmin şəxslərdən də xoşum gəlmir. Bir neçə müğənni var, səmimi olduqlarına görə hamı sevir. İndi isə bəzi müğənniciklər özlərini başqalarına bənzətmək istəyirlər. Hətta, başqalarının etdikləri hərəkətləri təkrarlayırlar. Müğənnilər aparıcı olmağa başlayırlar. Bununla razılaşmıram.

- Getməyiniz barədə müxtəlif fikirlər səsləndirənlər oldu. İddia edilirdi ki, bu, şəxsi həyatınızla bağlıdır.

- Düzdü, elə bir söhbət var idi. Ancaq əsas səbəbi sizə açıqladım. Amma həyatımda biri var idi. Bunu başa düşdüm ki, kiməsə görə nələrisə qurban vermək düzgün deyil. Mən necə varamsa, elə də qəbul etsinlər. Dəliliyimlə, şıltaqlığımla...

- Bu illər ərzində çox dəyişdiz. Dəyişim təkcə xarici görünüşünüzdə oldu, yoxsa?..

- İnsanın xarakteri dəyişmir. Ancaq çox böyümüşəm, insanlara, cəmiyyətə fikrim dəyişib. Əvvəl pis baxdıqlarıma yaxşı, yaxşı baxdıqlarıma isə pis baxıram. Güclü olmuşam, əvvəlki Umka yoxdur. Mənə bir söz deyərdilər, oturub ağlayardım. İndi məni ağlatmaq çox çətindir.

- Fitneslə çox məşğul olursuz. Bunu ən azından sizi sosial şəbəkədə izləyən hər kəs bilir. Sizi intensiv şəkildə idmanla məşğul etməyə nə vadar etdi? Onsuz da hər zaman formada görünürdüz.

- 3 ildir ki, fitneslə məşğul oluram. İndi dəb yaranıb, hamı idmanla məşğul olur. 3 il qabaq var idi, ancaq belə dəbdə deyildi. Səbəbi isə sadədir. Oturdum, bir neçə videoya baxdım, düşündüm ki, mən də fitneslə məşğul olacam. Mən məşqçisiz məşğul oluram, çörək yemirəm, qida rasionuma diqqət edirəm.

- Sizə efir məkanında tamamilə sərbəstlik verilsəydi necə bir proqram aparmaq istərdiz?

- Layihəm var, hələ bu haqda danışmaq istəmirəm. Verilişlərə baxıram, görürəm ki, o, bu gəlib dərdini danışır, ağlayır, efirlərdə ağlaşma var. Doğru ağlaşma olsa, bu qədər gözə batmaz. Pul verirlər, verilişlərə saxta insanları çağırırlar. Yəni, bunlar yığışdırılsa əla olar. Onlar heç kəsə lazım deyil. TV tək informasiya üçün lazım deyil, insanları maarifləndirmək lazımdır. Rusiya kanallarında azadlıq var. Demirəm ki, efirə çılpaq çıxsınlar. Bizə azadlıq vermirlər, sıxılıb qalırıq. Nəsə edəndə pis çıxır, alınmır və qeyri-səmimi olur. Onlarda isə fərqlidir, istədikləri kimi otururlar. Bizdə isə qulaqcığa deyirlər ki, ayağını aşırtma, düz qoy! Düzdü, efirdə etik qaydalar var, amma sən şalvar geyinmisənsə, rahat otura bilərsən.



-ANS-də işləyən zaman belə addımlara görə cərimələnirdiz?

- O qədər... Yarı maaşım cərimələrə gedirdi. Bütöv maaşı heç vaxt əlimə almamışam. Bu cərimələr təkcə oturuş qaydalarına görə deyildi. O zaman geyimlərə xüsusi diqqət edirdilər. Bir balaca köynəyin qolu qısa olanda cərimə yazırdılar.

-Kənardan kompleksiz və fərqli xanım təəssüratı yaradırsız. Sizi digər Azərbaycan xanımlarından fərqləndirən hansı özəlliklər var?

- Kompleksiz bir xanımam. İstədiyim vaxt hoppana, qaça bilərəm. Əlbəttə, bunlar kompleksizliyin bir qoludur. Ürəyim istəyən hər şeyi edirəm. Bəzi şeylər var ki, özümü müəyyən qədər çərçivəyə salıram. Bu çərçivəni bizim insanlar yaradıb. Onlar çox aqressiv olublar, bir-birilərinə isti münasibət göstərməyi xoşlamırlar, sevməyi bacarmırlar. Mən qız olaraq başqa qızı görəndə təriflər yağdırıram. Amma elə qızlar var ki, qarşısındakı gözəl olsa belə bunu demir. Paxıllıq var, bir-birlərini yıxmaq barədə düşünürlər. İnsan özünə güvənmir, sevmir, özündən yaxşısını görəndə narahat olur. İndi azərbaycanlı xanımlar bir-birilərinə çox bənzəyirlər. Eyni burun, eyni qaş və dodaqları var. Bir-birilərinin bəhsinə hər yola əl atırlar. Məsələn, bir şalvar geyinirsən, bəyənirlər. Pul olmasa belə, tapıb alacaq! Məni Azərbaycan xanımlarından fərqləndirən cəhət yoxdur, hamısı özəldir. Ancaq standrat deyiləm, prinsiplərim var. Ümumi götürəndə mən kiminsə bəhsinə heç nə etmirəm, özüməm. Bizim qızlar özünə baxmağı makiyaj etməkdə, salonlarda vaxt keçirməkdə görür. Məndə isə fərqlidir. İdmana gedirəm, rəqslə məşğul oluram. Onlar "baxımlı qadın anlayışını makiyajda, mən isə qidama diqqət etməkdə, idmanla məşğul olmaqda görürəm. Bizim qızlar çox passivdir, mən isə aktivəm. Onlar bir yerdə oturanda qalxmaq istəmirlər, tənbəldirlər.

- Bir az da aktrisa kimi fəaliyyətinizdən danışaq. Serialllarda sizi görmürük. Artıq təkliflər gəlib?

- Bir çox seriallarda rol aldım, indi isə belə fikrim yoxdur. Bu yaxınlarda çox yaxşı kanaldan təklif aldım. Həmin serial neçə ildir ki, yayımlanır. Reytinqləri yüksəkdir, ancaq serial mənim səviyyəmdə deyil. Layihənin efirdə yayımlanmasını başa düşmürəm. Mövzu bilinmir, ictimai bir yükü də yoxdur.

- Efir cəlbedici qadınları sevir. Siz də belə düşünürsüz?

- Etiraf edək ki, bir neçə müğənni var ki, gözəl deyil, ancaq efir onları sevir. Gözəllik bir şey deyil. O qədər gözəl xanımlar var ki, çox qurudurlar. Nə şirinlik, nə də çəkicilik var. Həmin qızları qarşında otuzdur, doyunca bax.