Son günlər sosial şəbəkələrdə paylaşılan video diqqətimi çəkdi. Həmin videonun qəhrəmanını axtarmaq qərarına gəldim. Söhbət prezident İlham Əliyevin 2003-cü ildə Maştağa səfəri zamanı avtomobili saxlayaraq 9 yaşlı oğlanla görüşdüyü və hal-əhval tutduğu videodan gedir. Nəhayət, videonun balaca "qəhrəmanını taparaq xatirlərini öyrənə bildim.



1994-cü il mart ayının 12-də Bakının Maştağa kəndində anadan olan Quliyev Məzahir Rzaqulu oğlu Unikal.org-a 2003-cü ildə prezidentlə necə görüşdüyü barədə və şəxsi həyatı ilə bağlı maraqlı məqamlara toxunub. 

Prezidentin "kiçik dostu ilə müsahibəni təqdim edirik:

-9 yaşlı Məzahir prezidentlə necə görüşdü?

-Prezidentlə görüşən zaman mənim 9 yaşım var idi. Azərbaycanının eks prezidenti Ulu Öndər Heydər Əliyevi görmək böyük arzum idi. Hər zaman ona Heydər Baba demişəm. Biz ailəliklə Heydər Əliyevi çox istəyirdik. Hər dəfə efirdə görəndə Allaha yalvarırdım, kaş ki, mən də Heydər babanı yaxından görə bilərdim. Təssüflər olsun ki, bu mənə qismət olmadı. Amma şükrlər olsun ki, prezidentimiz, Heydər Əliyevin davamçısı İlham Əliyevi yaxından görmək, onunla görüşmək mənə qismət oldu. Uşaq olmağıma baxmayaraq İlham Əliyevin idarə etdiyi avtomobilə yaxınlaşaraq onunla görüşə bildim.



- Necə oldu ki, Prezidentin avtomobilinin keçdiyi yola çıxmışdın?

-Atam və anamla babamgilə getmişdik. Oradan qayıdanda dedilər ki, prezident İlham Əliyev Maştağadadır. Mən prezident İlham Əliyevi görən kimi idarə etdiyi avtomobilə yaxınlaşdım. O vaxt prezidentin mühafizəçiləri icazə verməməyə can atsalar da, mən israrla avtomobilə yaxınlaşdım. İlham Əliyev avtomobilin şüşəsini aşağı saldı, mənə əl uzatdı və əhvalımı soruşdu.



-Bu hadisədən sonra məktəbdə, dostlar arasında, qohum-əqrəba içərisində sənə münasibət dəyişdimi?

-Bəli. (Gülür-red.) Mənə hər kəs prezidentlə görüşən balaca oğlan deyirdi. İndi də belə çağıranlar az deyil. Mən o vaxt həkim olmaq arzusunda idim. Fikirləşirdim ki, dərslərimi yaxşı oxuyub, həkim olaram.

-O vaxt sən prezidentdən nə isə xahiş etdinmi?



-Xeyr. Amma valideyinlərim xahiş etmişdi. Cənab prezident və Mehriban xanım bizə Maştağadan torpaq sahəsinin ayrılması ilə bağlı göstəriş vermişdirlər.

-Torpaq sahəsi ayrıldımı?

-(Qəzəblənir-red.)Xeyr.



-Nə baş verdi ki?

-Əvvəla deyim ki, mən ailənin tək övaladıyam. Mənim cənab prezidentlə görüşümdən 5 il sonra atam babama məxsus evdə yanaraq öldü. Atamın faciəli ölümündən sonra bizim "qara günlərimiz başladı. Dünyasını dəyişməzdən öncə atam 5 il müddətində Maştağa bələdiyyəsindən torpağın ayırılmasını tələb etsə də, bunu bizə vermədilər. Dedilər ki, boş torpaq sahəsi yoxdur. Amma yaxın gələcəkdə torpaq ayrılacağını vəd etdilər.

-Atanızın ölümü barədə danışardız...



-Biz babama məxsus mülkdə yaşayırıdıq. Qaz sızmasından evdə yanğın oldu. Yaşadığımız mənzil yandı və oradan heç bir əşya çıxara bilmədik. Atam yanaraq öldü. Bundan sonra qorxudan, stresdən xəstəliyə tutuldum. Anam və mən uzun illər müxtəlif yerlərdə yaşadıq. Heç kim bizə bu hadisədən sonrada yardımçı olmadı. Anam indiyədək onun-bunun evində xadimə işləyir. Xəstə olmağıma baxmayaraq mən də işlədim. Hazırda bir otaqlı ev tikib bura yığışmışıq. Təbii ki, bu da anamın və öz zəhmətimin hesabına olub. Hazırda mən də kənddə qohumuma məxsus "VAZ 21-06 markalı avtomobillə taksi sürürəm. Gündəlik qazancım 4-5 manatdır. Buna da şükür edirəm.



-Bəs dövlətdən maddi yardım alırsınızmı?

-Xeyr. Çətin şəraitdə yaşamağımıza, daimi iş yerinin olmamasına baxmayaraq heç bir yardım almırıq. Adımızda heç bir mülk yoxdur. Mən də "epilepsiya xəstəsiyəm. Anamın bir neçə xəstəxanada xadiməliklə qazandığı pulla müalicə alıram. Mənim qazancım da gündəlik çörək puluna güclə çatır.

-Hansı arzuların var?

-Mən də hər bir gənc kimi xoşbəxt yaşamaq arzusundayam. Amma xəstəliyim buna imkan vermir. Digər tərəfdən, yaşayış şəraitimiz də acınacaqlı vəziyətdədir. Özünüz də görürsüz ki, bir otaqda həm yeyir, həm qonaq qarşılayır, həm də yatırıq. Bu vəziyyət mənim xəstəliyimi bir az da dərinləşdirir. Hansı durumda olmağımıza baxmayaraq mən və anam hər zaman cənab prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı çox istəyirik. Bizim üçün onlar böyük insanlardır. Mən hər zaman cənab prezident İlham Əliyevlə fəxr etmişəm. Anam Maştağa bələdiyyəsindən bizə torpaq verilməsi barədə Mehriban xanıma məktub ünvanlamışdı. Dərhal bizi torpaqla təmin etmək tapşırılmışdı. Bələdiyyədən bildirdilər ki, siz növbədəsiniz, növbəniz çatanadək gözləyin. İndi ən böyük arzum dövlətimizin maddi köməkliyi ilə hazırda yaşamağa çətin olan mənzilimizi normal hala gətirməkdir. Çünki mənim gündəlik 4 manat qazancımla bunu etmək qeyri -mümkündür.



-Hərbi xidmətdə olmusunzmu?

-Xeyr. (Kövrəlir-red.) Mən buna bir neçə dəfə cəhd etmişəm. Hərbi xidmətə indi də getmək istəyirəm. Ön cəbhədə vuruşmağa, bu vətən yolunda canımdan keçməyə hazıram. Aprel döyüşləri oldu. Bu, məni çox ağrıtdı. Düşündüm ki, mən niyə qardaşlarımıza dəstək ola bilməyim? Qarşımı kəsən xəstəliyimdir.



-Son olaraq nə demək istərdiniz?

-Demək istıəyirəm ki, o videodakı balaca Məzahir mənəm. Mən cənab prezident İlham Əliyevlə fəxr edirəm. O böyük insandır. İnanıram ki, böyük insan "balaca Məzahirə yenidən dəstək olaraq ata faciəsini unutmaqda yardımçı olacaq.

P.S. Məzahirin Turbəy adlı anası zəng edir. Bala, bağışlayın. İşdəyəm çıxa bilmirəm. Məzahir sizə hər şeyi danışıb yəqin. Mən də dövlətimizdən xahiş edirəm ki, bizə dəstək olsunlar. Heç olmasa, Maştağa bələdiyyəsi bizə ayırılan torpağı versin. O vaxt Maştağa bələdiyyəsinin sədri rəhmətlik Mövsüm kişi bunu edə bilmədi. Hazırda bələdiyyə sədri İlqar müəllimdir. İlqar müəllim də bizə deyir ki, nə vaxt məcburi köçkünlərə torpaq ayrılsa, sizə də torpaq ayırılacaq. Axı biz məcburi köçkün deyilik! Balam da xəstədir. Evlərdə xadiməlik edirəm. Qazancımı balamın müalicəsinə xərcləyirəm. Xahiş edirəm müvaffiq orqanlar bizə yardımçı olsunlar. Allah cənab prezident İlham Əliyevi bizə çox görməsin. O təkdir. Hər şeyi onun üzərinə atmaq olmaz. İnanıram ki, müvafiq dövlət qurumları bizə yardımçı olacaqlar.

Amid Əyyuboğlu