Bahar Muradova: "Əgər kimsə Azərbaycanın daxili işinə qarışırsa, ona yol göstərməyə cəhd edirsə, biz belə istəklərin qarşısında oluruq"
Milli Məclisin vitse-spikeri Bahar Muradova "Unikal" qəzetinə müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Bahar xanım bu il nədənsə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların intensivliyi əvvəlki illərlə müqayisədə azalıb. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan tərəfinin bu məsələyə münasibəti aydındır. 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin işğal faktına dünya birliyi çox böyük dözümlülük göstərir. Xüsusilə bu məsələnin həllinə cəlb olunmuş beynəlxalq təşkilatlar, ölkələr, ATƏT-in Minsk Qrupunun həmsədrləri beynəlxalq hüquq normalarının pozulmasına bu qədər dözümlülük göstərməsi Azərbaycan tərəfini ciddi narahat edir. Biz də bununla əlaqədar, ATƏT-in fəaliyyətini ciddi tənqid edirik. Ermənistanın təcavüzkar siyasətinə göz yumduqlarına görə, illər ərzində bu münasibətin məhz, yeni konfliktlər doğurduğunu bir daha vurğulamışıq. Ölkəmiz öz qətiyyətli mövqeyində israrlıdır və biz heç bir zaman Azərbaycan torpaqları hesabına Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Buna görə də bütün imkanlardan istifadə edərək məsələnin həllinə çalışırıq.
 
- Xarici İşlər Nazirliyi martın 2-də "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər" adlı hesabat təqdim etdi. Bu hesabtla tanışsınızmı?
- Bəli, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqladığı hesabatla tanışam və buna öz münasibətimi bildirmək istəyirəm. Bu hesabat Azərbaycan ərazilərində qeyri-qanuni hərəkətlərin, xüsusilə, qeyri-qanuni iqtisadi fəaliyyətlərlə bağlıdır. Burada Azərbaycan sərvətlərinin necə talanması göstərilir. Bu, bizimlə yanaşı, beynəlxalq ictimaiyyəti də narahat etməlidir. Artıq hesabatda bütün məsələlər qeyd olunub, müvafiq beynəlxalq qurumlardan Ermənistanın bu fəaliyyətinin durdurulması və bunun qarşısının alınması istiqamətində addımlar gözləyirik. Hesab edirəm ki, bundan sonra da bu tip hesabatlar tərtib olunmalı və müxtəlif beynəlxalq təşkilatlara təqdim edilməlidir. Bu məsələ ətrafında geniş diskussiyaların, fəaliyyələrin aparılmasına çalışmalıyıq.
 
- Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra cəbhədə atəşkəs rejiminin pozulması halları artıb. Sizcə, bu, işğalçı ölkənin növbəti təxribatıdır, yoxsa başqa məqamlar?
- Ermənistan regionda və dünyada gedən prosseslərdən istifadə edərək hər zaman bu "status-kvo"nun saxlanılması, təcavüzün nəticələrinin qəbul olunması istiqamətində addımlar atır. İşğalçı ölkə hər zaman mümkün vasitədən istifadə edərək bütün məqsədlərinə çatmaq istəyir. Bu, belədir və faktdır. Əksinə, hansısa normal ölkə iki böyük dövlət arasında (Rusiya və Türkiyə arasında) qarşıdurmada maraqlı olmamalıdır. Çünki iki böyük gücün bu cür xeyir və şər içərisində olması təkcə sözügedən ölkələr üçün zərərli deyil, hətta region ölkələri üçün böyük fəsadlar törədə bilər. Amma bu, Ermənistanın özünün təcavüzkar siyasətinin xarakterindən irəli gəlir. Hesab edirəm ki, bu da işğalçının Türkiyə və Azərbaycan düşmənçiliyinə əsaslanan bir mövqedir. Ermənistan hər zaman belə bir vəziyyətlərdən öz maraqları üçün istifadə etməyə, vəziyyətin daha da gərginləşməsində maraqlı olduğunu subut etməyə və bu yöndə hərəkətlər etməyə çalışır. Bu özünü digər sahələrdə olduğu kimi, təmas xəttində gərginliyin yaranmasında da göstərir. Xüsusilə Rusiya hazırda Ermənistan ərazisinə külli miqdarda silah toplayır. Rusiya işğalçı ölkədə yerləşən hərbi bazasına göndərmək adı ilə silah verir. Üstəlik, Rusiya Ermənistana çoxmilyonluq silahların verməsi Ermənistanın xeyrinə çalışdığını ortaya qoyur. Amma düşünmürəm ki, bu, onların gözlədiyi nəticəni versin. Böyük güclər, belə bir münaqişənin baş verməsinin və onun aktiv fazaya keçməsinin, regiona və dünyaya heç də yaxşı gələcək vəd etmədiyini bilirlər. Azərbaycan da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətin, dövlətlər arasında münasibətləri üstün tutan ölkələr öz imkanlarından istifadə edərək ziddiyətlərin aradan qaldırılmasına kömək göstərirlər. Gördüyünüz kimi, Ermənistan bütün hallarda fərqli, özünəməxsus təcavüzkar siyasət yeridir və konfiliktlərin artmasında, alovlanmasında maraqlıdır. Nə qədər regionda çoxsaylı belə konfiliktlər olacaqsa, Ermənistan özünü bir o qədər rahat hiss edəcək.
 
-2016-ci ildə Dağlıq Qarabağ münaqişəsində hər hansı bir irəliləyiş gözləmək olarmı?
- Əlbəttə ki, bu, arzuolunandır ki, danışıqlar prossesi sürətləndirilsin. Təkcə sürətləndirilməsin, həm də konkret nəticələr versin. Hər ilin əvvəlində ümidlər səsləndirilir ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həllində böyük dönüş ili olacaq. Yenə, hər il olduğu kimi, bu il də Azərbaycan öz öhdəliyinə düşən işi yerinə yetirməyə hazırdır. Bunu biz açıq deyirik. Təkcə danışıqlar xatirinə danışıqlarda iştirak etmək yox, status-kvonu dəyişməyə və münaqişəni həll etmək istiqamətində danışıqlarda iştirak edirik. Biz nəinki arzulayırıq, hətta çalışırıq ki, bu səmərə versin. Eləcə də biz təkcə danışıqların nəticəsini gözləmədən, beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə, mövqelərin bu istiqamətə yönəlməsi işini aparırıq. Həmçinin, ölkələrin Parlamentləri, vətəndaş cəmiyyətləri, o cümlədən ayrı-ayrı hökumətlərin rəsmiləri münasibətlər qurur, onları beynəlxalq hüququn prinsipləri ilə Azərbaycana qarşı Ermənistan tərəfindən pozulduğunu, bunun yolverilməz olduğunu əks etdirən sənədlərin qəbul olunmasına çalışırıq. Baxmayaraq ki, Ermənistan hər zaman buna da maneə olur, amma biz iki tərəfli və çoxtərəfli əməkdaşlıq səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan mövqeylərinin çatdırılması və konkret nəticələrə təsir göstərə bilən sənədlərin qəbul olunmasına çalışırıq. Bu il də bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
 
- Bahar xanım, fevral ayının 25-də Vyanada keçirilən ATƏT PA-nın 15-ci qış sessiyasında iştirak etdiniz və orada Ermənistan tərəfini lazımi cavabla susdurdunuz....
- Çox sağ olun...
 
-Almaniya ATƏT-ə sədrlik edən ölkə kimi DQ münaqişəsinin həllinə nə kimi dəstək göstərə bilər?
- ATƏT-ə bu il Almaniya sədrlik edir. Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer məşum "dondurulmuş münaqişələr" ssenarisini qəbul etmir və ATƏT-ə sədrliyi dövründə bu vəziyyətin aradan qaldırılması üçün çalışacağını da bəyan edib. Bu il ərzində Almaniyanın təşəbbüsü ilə bir sıra tədbirlər keçiriləcək. Bunlardan biri də aprel ayında keçirilməsi nəzərdə tutulan seminardır. Hələ ki, onun üzərində iş gedir. Tədbirdə iştirakçıların kim olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Amma Almaniya tərəfindən ilkin məktub bizə daxil olub və biz buna razılığımızı vermişik. Almaniyanın özündə vaxtilə mövcud olan, yəni, işğal altında olmuş və sonradan Almaniyanın özünə qaytarılmış ərazi bardə tədbir iştirakçıları ilə öz təcrübəsini bölüşəcək. Tədbirin daha səmərəli və faydalı keçirilməsi üçün təklifimizi də onlara bildirmişik. Bu təkliflər reallaşacağı təqdirdə biz bütövlükdə fəallaşacağıq . Hər halda, bu barədə konkret fikir söyləyə bilmərəm, amma bizim təkliflərimiz var ki, onlar bütövlükdə ATƏT-in Minsk Qrupunun fəallaşması, ən azı Minsk konfransının keçirilməsi istiqamətində səylər göstərsinlər. İlkin belə təkliflər olub. Görək il ərzində onlar bunu necə reallaşdıracaqlar.
 
-Almaniyanın da Minsk Qrupuna üzv olması ilə bağlı təkliflər səsləndirilirdi. Bu mümkün ola bilərmi?
- Biz vaxtilə bu barədə çıxış etmişik. Münaqişənin uzanması ona gətirib çıxarır ki, tərəflər, müşahidəçilər, ümumiyyətlə, ekspertlər müəyyən təkliflərlə çıxış edirlər. O cümlədən, biz də bu barədə öz təklifimizi vermişik. Münaqişənin həllini sürətləndirmək, irəliyə aparmaq, yollar aranan vaxtı belə bir təkliflər səslənirdi. Amma bunun da bir proseduru var ki, format dəyişikliyi necə ola bilər? Bu, özü-özlüyündə yeni fikirlər oyatsa belə, amma nəticəyə necə təsir edəcək bunu əvvəlcədən söyləmək mümkün deyil. Amma hesab edirəm ki, Almaniya hazırda fəaliyyətdə olan sədr kimi özünün belə bir posta layiq olduğunu sübut etmək imkanı var. Əgər onların bu bir illik fəaliyyətləri ərzində hansısa ciddi nəticə hiss olunacaqsa, Almaniyanın da ATƏT-in Minsk Qrupuna Türkiyədə daxil olmaqla, əsaslandıra bilən arqumentləri güclənə bilər. Hər halda, Almaniyanın builki sədrliyindən çox şey asılıdır.
- Rusiyanın baş nazirinin birinci müavini Dmitri Roqozini Bakıya gəldi. Bəzi KİV-lər Roqozinin səfərinin qəfil və xüsusi məqsəd daşıdığını yazırlar. Bu barədə nə deyə bilərsiz?
-Azərbaycan digər ölkələr kimi, Rusiya ilə də qarışılıqlı maraqlara söykənən siyasət yeridir və bir ölkə ilə münasibətin digər ölkəyə qarşı istifadə olunmasına da yol vermir. Bu münasibətin mahiyyətində də bunabənzər hansısa mənfi nəsə yoxdur. Ona görə də bu kimi açıqlamaların olmasını absurd hesab edirəm. Çünki ölkə rəsmiləri hər iki ölkə ilə münasibətlərində nəzərdə tutulan hədəflərə, qarşıya qoyulan məqsədlərə yönəlik addım atırlar. O ki qaldı bu cür dəyərləndirməyə, bu kimlərinsə təxəyyülünün məhsulu ola bilər. Mən onların fikirlərinə şərh vermək istəmirəm.
 
- Bahar xanım, indisə diqqətinizi ölkədaxili proseslərə yönəltmək istərdim. Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Agramunt həbsxanada REAL hərəkatının sədri İlqar Məmmədovla görüşüb. Bu görüşü necə qiymətləndirirsiz?
-Biz ona şərait yaratdıq. O istədiyi dairələrlə, siyasi təşkilatlar və onların nümayəndələri ilə görüşdü. Azərbaycanda kimdənsə gizlədiləsi nəsə yoxdur. Əgər kimsə Azərbaycanın daxili işinə qarışırsa, ona yol göstərməyə cəh edirsə, biz belə istəklərin qarşısında oluruq. Amma yox əgər əməkdaşlıq konstruktivlik nöqteyi nəzərindən doğurdan da vəziyyəti bilmək və bundan çıxış yolları aramaq istiqamətində Azərbaycanla təşkilat arasındakı münasibətlərin, tərəflərin öhdəliyinə uyğun şəkildə həyata keçirilməsinə töhfə vermək istiqamətində olursa, biz bu cür təkliflərin hamısına açığıq. Son səfər və keçirilən görüşlər də bu istiqamətdədir.

- Bəzi siyasi partiyalar "Anti-böhran"la bağlı təkliflər verdiyini və hökumətdən buna reaksiya gəlməməsindən gileylənirlər. Buna münasibətiniz?
- Mövcüd iqtisadi durumla bağlı istər Azərbacanda, istərsə də başqa ölkələrdə bu və ya digər siyasi qüvvəllər, iqtisadi dairələr müəyyən təkliflərlə çıxış edirlər. Mən, burada hansısa təkliflərlə çıxış etmənin özündə absurd bir şey axtarmağın tərəfdarı deyiləm. Əgər bu, doğurdan da sağlam bir məntiqə əsaslanır, vəziyyətdən çıxış üçün görülən işlərə dəstək vermək, burada hansısa islahatların aparılmasında yeni-yeni məqamların olması varsa, qeyri-adi heç nə görmürəm. Onlar Azərbaycanda fəaliyyət göstərən siyasi dairələr kimi öz təkliflərini açıqlaya bilərlər. Burada maraqlı məqamlar varsa, hökumət niyə də bu təkliflərdən istifadə etməsin.

- Bəs, müxalifətin durumunu necə qiymətləndirirsiz?
-Müxalifətin hazırkı durumu hər birimizə bəllidir. Azərbaycanda istənilən siyasi partiyanın fəaliyyəti üçün münbit bir şərait var. Yetər ki, bu şəraiti müsbət dəyərləndirib sosial dayaqların artırılması istiqamətində qanun çərçivəsində fəaliyyət göstərsinlər. Konstruktiv fəaliyyət göstərən siyasi qüvvələr, müəyyən sosial bazaya malik olur və müəyyən qədər də çəkisi olur. Müxalifət yekcins deyil. Onun içərisində konstruktiv mövqeli, radikal mövqeli, nisbətən loyal olanlar da var. Ona görə müxalifəti birmənalı dəyərləndirmək mümkün deyil.
 
Amid Əyuboğlu