Gürcüstanda oktyabrın 8-də keçirilmiş parlament seçkilərində proporsional sistem üzrə mandat qazanmış 77 deputat narkoloji dispanserdə analiz verib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Anna Mikeladze Azərtac-a bildirib ki, qanunvericiliyə uyğun olaraq proporsional sistem üzrə deputat seçilmiş şəxslər seçkilərdən sonra iki həftə ərzində narkoloji testdən keçməlidirlər. Müvafiq tibb mərkəzi onları yoxladıqdan sonra MSK-ya arayış təqdim edib. Arayışlarda 77 deputatın heç birinin narkotik maddə qəbul etmədiyi göstərilib.

Bundan başqa, seçki subyektləri - siyasi partiyalar, seçici blokları öz namizədlərinin sağlamlığı haqqında məlumatları MSK-ya təqdim edib.

Bildirilib ki, qanuna əsasən majoritar qaydada seçiləcək deputatlar isə narkoloji testin nəticələri barədə arayışı namizədlikləri qeydə alınarkən təqdim etməlidirlər.

Əgər onlar belə bir arayış təqdim etməyiblərsə, seçkilərdən sonra mütləq şəkildə tibb müəssisələrində yoxlamadan keçəcəklər.