Ölkənin ən iri mobil operatorundan eyhamlı açıqlamalar!


 

Azərbaycandakı böhran vəziyyəti ölkənin iri şirkətlərinin fəaliyyətinə də təsirsiz ötüşməyib. Onların bir çoxunun gəlirləri azalıb, nəticədə xərclərin azaldılması, xüsusilə işçilərin ixtisarı qaçılmaza çevrilib.

 

Bunu Azərbaycanın ən iri mobil operatoru Azercell Telekom-un rəhbəri Vahid Mürsəliyevin dünənki müsahibəsindən də aydın görmək mümkündür. O, jurnalistin «İqtisadi durğunluq və böhran Azercell-in işinə necə təsir göstərir? Misal üçün, hazırda Rusiyanın Beeline şirkəti özünün IT-strategiyasını köklü surətdə nəzərdən keçirir. İT-personal sayında kəskin ixtisarlarla yanaşı bu operator həm də bəzi məsələlərin autsorsinq şirkətlərinə həvalə edilməsi kimi indiyədək görülməmiş bir qərar qəbul etməyə hazırlaşır. Bəs "Azercell" öz biznesini böhran mühitində optimallaşdırmaq üçün nə kimi tədbirlər görür» suallarına belə cavab verib: «Mən ilk növbədə onu qeyd etmək istərdim ki, cari iqtisadi vəziyyət müştərilərimizə heç bir mənfi təsir göstərməyəcək. Mən bütün müştərilərimizin bundan əmin olmalarını istəyirəm. Baş verən iqtisadi böhran qlobal xarakterlidir. Bu vəziyyət təkcə Azərbaycanda deyil, eləcə də bir çox xarici ölkələrdə, xüsusən neft ixrac edən ölkələrdə özünü büruzə verir. Bizim vəziyyətdən istifadə edib qiymət artırmaq kimi düşüncəmiz yoxdur. Biz elə edəcəyik ki, abunəçilərimiz hər zamankı kimi xidmətlərimizdən razı olsunlar və mobil rabitənin üstünlüklərindən faydalı şəkildə yararlansınlar. Əməkdaşlarımızın fəaliyyətinə gəlincə onu deyə bilərəm ki, hər birimiz həmişə olduğundan da effektiv şəkildə səy göstərməliyik, çünki "Azercell"-i üstün hesab edən və xidmətlərini seçən çoxmilyonlu abunəçi ailəsinin rahatlığı bizim necə işlədiyimizdən asılıdır. Həmçinin, fəaliyyətimizi keyfiyyətli və yüksək səviyyədə davam etdirməklə biz İKT sahəsinin inkişafına təkan verməyi və ölkəmizin iqtisadi çətinliklərin öhdəsindən daha tez və asan gəlməsi üçün dəstək verməliyik.

 

«Ölkə böhran dövründən keçir və təbii ki, bunun təsirini "Azercell"də öz üzərində hiss edir. Ötən ay siz əməkdaşlarınıza bir yazılı mürəciət etdiniz. Həmin müraciətdə qeyd etdiniz ki, hazırki şəraitdə işçi sayının ixtisar edilməsi barədə ağır qərar qəbul etmək məcburiyyətindəsiniz. İxtisarlar hansı şöbələrdə keçiriləcək? Bu addımınız şirkətin fəaliyyətinə necə təsir göstərə bilər» sualına cavab olaraq şirkət rəhbəri deyib ki, onlar hələ ötən ilin iyul-avqust aylarında xərcləri azaltmaq barədə ciddi düşünməyə başlayıblar: «Təbii ki, ümumi baxımdan işçiləri ixtisar etmək xərcləri azaltmağın ən asan yoludur. Amma biz işçi sayına toxunmaq istəmirdik və uzun müddət bunun başqa yollarını tapmağa çalışırdıq. Elə də davrandıq: biz müxtəlif xərcləri azaltdıq, hətta işçilərə verilən bəzi güzəştləri də ləğv etdik, amma işçi sayına toxunmağı ümumiyyətlə gündəmə gətirmədik. Lakin dekabr ayında baş verən milli valyutanın ikinci devalvasiyası vəziyyəti bir qədər dəyişdirdi və bunun təsiri ilə biz artıq vəzifələrin bir qisminin ixtisara salınması reallığı ilə qarşı-qarşıya qaldıq. Bu, çox ağır və çətin qərar oldu. Hətta deyərdim ki, bu qərar bəlkə də mənim həyatımda qəbul etdiyim ən çətin qərardır. Amma şirkətin biznes fəaliyyətini davam etdirmək və qorumaq üçün biz buna məcbur qaldıq…

Ümumi məsləhətləşmələrdən sonra biz rəhbərlik olaraq belə bir qərara gəldik ki, iş həcmini birləşdirərək bəzi vəzifələri ixtisar edək. Bu, ümumi işçi sayının təxminən 8%-ni, yəni 60 nəfər təşkil edir. Çalışdıq ki, ixtisar prosesi şirkətin bütün departamentlərində proporsional şəkildə aparılsın. Biz bu barədə nəinki işçilərimizə, hətta bütün cəmiyyətə açıq və dürüst şəkildə məlumat vermişik. Azercell şəffaf şirkət olmağı qarşısına məqsəd qoyub. Bizim maliyyə hesabatlarımız daim açıq şəkildə ictimaiyyətə təqdim olunur. Biz uğur və nailiyyətlərimizi xalqımızla bölüşdüyümüz kimi, kədərli xəbərləri də paylaşmağı bacarmalıyıq. Bir yox, hətta bir neçə dəfə xeyli sayda işçi ixtisar edib bunu ictimaiyyətdən gizlədən bəzi şirkətlərdən fərqli olaraq, biz 60 nəfərin ixtisar edilməsi barədə qərarı qorxmadan və çəkinmədən dərhal hamı ilə bölüşdük. Biz dedi-qodu yox, açıq söhbət tərəfdarıyıq. Əlbəttə, istənilən halda işi itirmək ağırdır. Mən bunu çox yaxşı başa düşürəm. Biz şirkət olaraq əlimizdən gələni etməyə çalışırıq ki, onlara bundan sonra bir qədər də olsa, dəstək verək. Ölkədəki ümumi iqtisadi vəziyyəti nəzərə alaraq iş yerləri ixtisar olunmuş əməkdaşlarımıza kifayət qədər yaxşı təzminat ödəməyi və şirkətdən əldə etdikləri bir sıra sosial güzəştləri müəyyən müddət ərzində onlar üçün saxlamağı qərara aldıq. Elə bir şərait təmin etməyə çalışdıq ki, onlar bir müddət ərzində maddi çətinlik çəkmədən özlərinə iş tapa bilsinlər. Mən ümid edirəm ki, ölkəmiz, onunla birlikdə şirkətimiz mövcud gərgin iqtisadi vəziyyətdən baş ucalığı ilə çıxacaq, və biz böyük komandamızı bərpa edə biləcəyik».

 

Mürsəliyevin açıqlamasında ən maraqlı məqam «Azercell»də də işçilərin ixtisarının qaçılmaza çevrilməsidir. Şirkət prezidentinin buradakı eyhamı isə xüsusi maraq doğurur. Onun «Bir yox, hətta bir neçə dəfə xeyli sayda işçi ixtisar edib bunu ictimaiyyətdən gizlədən bəzi şirkətlərdən fərqli olaraq, biz 60 nəfərin ixtisar edilməsi barədə qərarını qorxmadan və çəkinmədən dərhal hamı ilə bölüşdük» sözlərinin konkret olaraq kim(lər)ə ünvanlandığı məlum olmasa da, böyük ehtimalla söhbət «Azercell»in bazardakı rəqiblərindən gedir.

 

Belə başa düşmək olar ki, «Bakcell» və «Azerfon» («NarMobile») mobil operatorları da böhranla əlaqədar işçilərini ixtisara salıblar, amma «Azercell»dən fərqli olaraq bunu ictimailəşdirməkdə maraqlı olmayıblar.

 

Nəzərə alsaq ki, hər üç mobil operator arasında «soyuq ixtilaf» hökm sürür, onda «Azercell» prezidentinin məlum açıqlamalarındakı «tikanlı» ifadələrin məhz mobil rabitə bazarındakı rəqib şirkətlərə ünvanlandığı ehtimalı daha da güclənir.

Sənan Mirzə