"JEK"lər uğrunda nazirlərin davası gedir
"JEK"lər uğrunda nazirlərin davası gedir

Ləğv ediləcək MİS-lərin səlahiyyəti kimə keçəcək?

Azərbaycanda iki nazirlik ləğvi gözlənilən Mənzil İstismar Sahələrinin (MİS - xalq arasında "jek" kimi məşhurdur) səlahiyyətləri uğrunda mübarizə aparır. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib.

Məlumata görə, 2010-cu ildə qəbul olunan "Mənzil Məcəlləsi"ndə də MİS-lərin fəaliyyətini tənzimləyəcək heç bir müddəa yoxdur: "Həmin vaxt gözlənilirdi ki, qanunvericiliyə uyğun olaraq MİS-lərin yerinə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılacaq. Burada mülkiyyətçilər qarşılaşdıqları problemləri həll etmək üçün özləri iş aparacaq. Belə ki, çoxmənzilli binada mülkiyyətçi olan insanlar cəmiyyəti yaratdıqdan sonra özləri cəmiyyətə rəhbər təyin edəcək. Həmin şəxs sakinlərin üzdə olan problemlərinin həlli, həmçinin mənzildən kənarda qalan sahələrinin qorunub saxlanması yönündə iş aparacaq. Amma bu gözlənti reallaşmadı".
Mənbə bildirir ki, "JEK"lərin ləğvinin reallaşmaması bu qurumların səlahiyyətlərinin bölüşdürülməsi ilə bağlı ortaya çıxan narazılıqlardan doğur: "Ədliyyə naziri Fikrət Məmmədov MİS-lərin səlahiyyətinin önəmli bir
hissəsinin yerli bələdiyyələrə verilməsinə tərəfdardır. Amma iş burasındadır ki, paytaxt Bakıda JEK-lərin səlahiyyətlərinə iqtisadi inkişaf naziri Şahin Mustafayev də iddia edir. Mustafayev mənzil istismar sahələrinin bir çox səlahiyyətlərinin rəhbərlik etdiyi nazirliyin tabeliyindəki "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə verilməsini istəyir".
Mənbənin sözlərinə görə, elə bu da JEK-lərin ləğvi ilə illərdən bəridir davam edən gözləntilərin gerçəkləşməsinə mane olur. Yalnız ortadakı fikir ayrılıqları, səlahiyyətlər uğrunda mübarizə və müzakirələr bitdikdən sonra MİS-lərin ləğvindən danışmaq mümkün ola bilər.
Qaynağımız deyir ki, ilbəil JEK-lərin dövlət büdcəsindən qapazladığı pulların miqdarının artması da onların səlahiyyətləri uğrunda mübarizənin getməsinə səbəb olub: "Təsəvvür edin, 2009-cu ildə dövlət büdcəsindən təkcə Bakıda yerləşən Mənzil İstismar İdarələrinə 10 milyon manat subsidiya ayrılıb. Bildirilirdi ki, bu vəsait Mənzil Fondunun əsaslı təmirinə və mənzil xidməti haqlarının maya dəyərindən yüksək olmasını kompensasiyaya etmək üçün xərclənir. Həmin ildə subsidiyalardan əlavə MİS-lər 30 milyon manata qədər xidmət haqqı yığıblar. Bir sözlə, 2009-cu ildə Bakıda yerləşən MİS-lərin 40 milyon manatlıq büdcəsi olub. Bu, böyük vəsaitdir. Amma onun nə toplanması, nə xərclənməsi istiqamətləri ilə bağlı ciddi informasiya verilib. Göründüyü kimi ortada iri məbləğdə və taleyi kifayət qədər qaranlıq pullar var".
Mənbəmiz təzəlikcə Milli Məclisdə "İstehsalat və məişət tullantıları haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı da maraqlı bir məqama toxunub. Deyib ki, zibilin yerə atılmasına görə iri cərimələrin tətbiq edilməsi təqdirəlayiq haldır, amma ortada maraqlı bir nüans da var: Bakıda və respublika tabeliyində olan şəhərlərdə hər 100 metrdən bir zibil qutuları qoyulacaq. Bu isə o deməkdir ki, söhbət külli miqdarda maliyyə vəsaitinin ayrılmasından və onun idarə edilməsindən gedir. Bu məsələdə də fikir ayrılığı var. Fikrət Məmmədov sözügedən prosesin də bələdiyyələrdə olmasına tərəfdardır. İqtisadi inkişaf naziri Şahin Mustafayev isə "zibil projesi"nin "Təmiz şəhər"ə verilməsini istəyir. Bu mübarizədən kimin qalib çıxacağını isə zaman göstərəcək.

Ülviyyə Qasımlı