Bu mövsüm "Borussia Dortmund"a transfer olunan Türkiyə millisinin gənc futbolçusu Emre Mor həyatı haqda maraqlı etirafları ilə diqqət çəkib.

Unikal.org xəbər verir ki, Türkiyə mətbuatına müsahibə verən Emre Mor Danimarkada böyüdüyü məhəllə və uşaq ikən qarşılaşdığı çətinliklərdən danışıb:



- Danimarkada böyüdüm. Maddi durumumuz çox ağır olub. Sonra kiçik bir klub olan "Bronşoj Boldklub"da oynamağa başladım. Və sonra daha yaxşı bir sırada olan "Lyndby"ə keçdim. 15 yaşında "Nordsjaellend"ə keçdim və orada 1.5 il oynadım. Hal-hazırda da "Dortmund"dayam'.

- Danimarkada - sənin qaldığın qəsəbədə həyat necə idi?

- O zamanlar ailəmlə birlikdəydik. 11 yaşına qədər kənar yerlərə getmirdim. Yaşanılacaq həyat deyildi. Ətrafımda çoxlu sayda cinayətkarlar var idi. Yaxşı insan yox dərəcəsində idi. Oradan köçmək lazım olduğunu bilirdik.

- Transfer dövründə ölkənin idman mətbuatının başlıqlarını bəzədin. Türkiyə nəhənglərindən təklif aldınmı?

- Bəli, "Fənərbağça" və "Beşiktaş"dan təklif aldım. Ancaq detalları, inanın, bilmirəm. O hissəsiylə menecerim Muzzi Özcan maraqlandı və heç zaman ondan bu haqda soruşmadım. Çünki Türkiyəyə getməyəcəyimi ona çox demişdim. Bu haqda heç vaxt düşünməmişəm.