İstanbulda avqustun 18-də, Beşiktaş səmtində sui-qəsdə məruz qalan və güllələnən azərbaycanlı kriminal avtoritet, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevin vəfatından dərhal sonra bu qanlı olayın daha bir kriminal avtoritetin qətli ilə bağlı ola biləcəyi vurğulanırdı.

Söhbət 2013-cü ilin avqustun 18-də İstanbulda güllələnən, "Qoca Bakinski" kimi tanınan Əlibala Həmidovdan gedir.
Rövşən Lənkəranskinin də məhz "Qoca"nın güllələndiyi gün vurulmasının təsadüf olmadığı dünən israrla vurğulanırdı.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, bu "sirr" də açılıb.



2013-cü ilin avqustun 18-də "Qoca Bakinski" sui-qəsdə məruz qalmış, aldığı üç güllə yarasından keçinmişdi.
Onun qətlində başlıca səbəbin "Gela" ləqəbli 46 yaşlı "oğru" Gela Raminoviç Kardava ilə münaqişənin olduğu israrla vurğulanır. Belə ki, avqustun 17-də İstanbuldakı otellərdən birində "oğru"lar yığışmışdılar və əksəriyyəti meqrel "oğru"lar olan bu toplantının təşəbbüskarı "Gela" idi.

2013-cü ilin yanvarında "Ded Hasan" ləqəbli "oğrubaşı" Aslan Usoyan qətlə yetiriləndən sonra "Qoca Bakinski" düşərgəsini dəyişmiş, Rövşən Lənkəranskini dəstəkləməyə başlamışdı. Bununla da "Qoca Bakinsi" digər azərbaycanlı "oğru", "Lotu Quli" kimi tanınan Nadir Səlifova "müxalifət"ə keçmişdi.

2013-cü ilin martında "oğru"lar Yunis və Rəşada arxalanan "Qoca Bakinski" qəflətən "Quli"nin "oğru" səlahiyyətlərinin dayandırılmasına qərar vermişdi. Telefon danışığındakı bu qərarı məşhur "oğru baba"lar yalnız 2014-cü il ərəfəsində ləğv etmişdilər.



Təbii ki, "Lotu Quli" də "Qoca"nın bu qərarını unutmamışdı və unuda da bilməzdi.
"Qoca Bakinski"nin "köhnə lotu"lar qarşısında daha bir "günah"ı Vaja Biqanişvilinin 2013-cü ilin iyun ayında təşkil etdiyi toplantısına qatılması idi. Vajadan fərqli olaraq, "Qoca" və İlqar "köhnə lotu"larla birbaşa ünsiyyətdən imtina etmişdilər. Bu səbəbdən də "baba"lar "Qoca"ya qiyabi xəbərdarlıq, daha doğrusu, ultimatum yollamışdılar. Ultimatumun vaxtı 2013-cü ilin avqustun ortalarında başa çatırdı.

Bu baxımdan "Qoca Bakinski"nin qətlinin meqrel "lotu"lar və Rövşən Lənkəranskiyə "dərs" vermək istəyən "köhnə lotu"ların qərarı olduğu da istisna olunmur.