UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Unikal.org-un məlumatına görə, təmsilçimiz "Qəbələ də cavab oyununa çıxıb.

Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu "Lilllə qarşılaşıb. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxıblar.

Matça fəal başlayan təmsilçimiz hesabı açan tərəf olub. 34-cü dəqiqədə xorvatiyalı legioner Filip Ozobiç uzaqdan möhtəşəm zərbə ilə komandasını önə keçirib.

Matç boyunca daha bir neçə təhlükəli vəziyyət yaradan komandamıza oyunçuların qeyri-dəqiqliyi mane olub.

Rəqib komanda son anlarda fəallaşsa da, onlara bərabərlik qolunu vurmaq nəsib olmayıb.

Bununla da qələbə qazanan "Qəbələnin sayəsində ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq.

Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağa qoşulan "Qəbələ ötənilki uğuruna yaxınlaşıb. Həmin vaxt 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan əyalət təmsilçisi təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə bir heç-heçə əldə edən təmsilçimiz 5 qələbə qazanıb.