Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Unikal.org-un məlumatına görə, günün ilk qarşılaşması Bakıda baş tutacaq.

Azərbaycan çempionu "Qarabağ" öz meydanında Çexiyanın "Viktoriya" klubunu qəbul edəcək. Ardıcıl 3-cü dəfə bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəlmək üçün mübarizə aparacaq.

Səfərdə qolsuz heç-heçə edən Ağdam təmsilçisi avrokuboklarda yubiley - 70-ci görüşdə azarkeşlərini qələbə ilə sevindirməyə çalışacaq. Maksim Medvedevin "ağ-göylər"in heyətindəki 300-cü qarşılaşmasına tarix yazmağa yaxın olan "Qarabağ" qapısının toxunulmazlığını da düşünməlidi. Çünki qollu heç-heçə qonaqları növbəti mərhələyə daşıyacaq. Bu üzdən mütləq qalib gəlməli olan çempionumuz görüşün taleyini penaltilər seriyasına - "lotereya"ya qədər həll etmək niyyətindədi.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:30-da başlayacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

20:30. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Çexiya)

Baş hakim:Hüseyin Göçek
Baş hakimin köməkçiləri:Mustafa Əmrə Eyisoy,Kemal Yilmaz

Dördüncü hakim:Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova)
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 0:0