Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Unikal.org-un məlumatına görə, günün ilk qarşılaşması Bakıda baş tutacaq. Azərbaycan çempionu "Qarabağ öz meydanında Çexiyanın "Viktoriya klubunu qəbul edəcək. Ardıcıl 3-cü dəfə bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəlmək üçün mübarizə aparacaq.

Səfərdə qolsuz heç-heçə edən Ağdam təmsilçisi avrokuboklarda yubiley - 70-ci görüşdə azarkeşlərini qələbə ilə sevindirməyə çalışacaq. Maksim Medvedevin "ağ-göylərin heyətindəki 300-cü qarşılaşmasına tarix yazmağa yaxın olan "Qarabağ qapısının toxunulmazlığını da düşünməlidir. Çünki qollu heç-heçə qonaqları növbəti mərhələyə daşıyacaq. Bu üzdən mütləq qalib gəlməli olan çempionumuz görüşün taleyini penaltilər seriyasına - "lotereyaya qədər həll etmək niyyətindədir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:30-da başlayacaq.