Britaniyanın mühafizəkar parlamentariləri İspaniyanın Cəbəlütarixlə bağlı davranışı səbəbindən yarana biləcək qarşıdurma ilə əlaqədar NATO baş katibi Yens Stoltenberqə xəbərdarlıq ediblər.

Unikal.org-un "Daily Telegraph qəzetinə istinadən verdiyi məlumata görə, Y. Stoltenberqə göndərilən məktubda İspaniya gəmilərinin Cəbəlütarix sularına qanunsuz müdaxiləsindən narahatlıq ifadə olunur.

Bundan başqa, britaniyalı parlamentarilər hesab edirlər ki, İspaniyanın ABŞ gəmilərinə Cəbəlütarixdə yanacaq tədarük edərək İspaniya limanlarına daxil olmasından imtina etməsi "Qərbin təhlükəsizliyinə zərbədir.

Qeyd edək ki, 3 əsrdir ki, Cəbəlütarix İspaniya və Böyük Britaniya arasında mübahisə mövzusudur. XVIII əsrdə İspaniyanın zəifləməsi, İngiltərənin güclənməsi fonunda 1700-1713-cü illərdə iki dövlət arasında baş verən müharibə nəticəsində Cəbəlütarix qalası ingilislər tərəfindən zəbt edilib. O vaxtdan ingilislər Priney yarımadasının sahəsi 6,5 kvadrat kilometr olan cənub sahilinə nəzarət edir.

Cəbəlütarixdə 30 min insan yaşayır. İspaniya Cəbəlütarixi tarixi torpağı sayır. Ancaq 1967-ci ildə və 2002-ci ildə Cəbəlütarixdə keçirilən referendum zamanı əhalinin 90 faizi Böyük Britaniyanın tərkibində qalmağa üstünlük verib. Cəbəlütarixdə 2006-cı ildə qəbul edilən Konstitusiyaya əsasən, qanunverici hakimiyyət Böyük Britaniya kraliçası II Yelizaveta və Cəbəlütarix parlamentinə məxsusdur.