Mahir Cavadovdan Mirmahmud ağaya sərt ittihamlar
Sabiq prokuror KXCP sədrini "millətini gizlədərək təxribatla məşğul olan" adlandırıb

Azərbaycanda siyasətçilər arasında vaxtaşırı narazılıqlar yaşanır. Bir çox hallarda isə bu narazılıqlar sərt ittihamlar, hətta təhqirlərlə müşahidə olunur. Siyasi maraqlardan və şəxsi ambisiyalardan irəli gələn bu vəziyyətlərin tez-tez təkrarlanması yaxşı hal olmasa da, davam etməkdədir.
Belə ki, dünən keçmiş OMON-un mərhum rəhbəri Rövşən Cavadovun qardaşı, Xətai rayonunun eks-prokuroru Mahir Cavadov özünün Facebook səhifəsində Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu haqqında sərt ittihamlar yayımlayıb. Cavadov statusunda dostlarının ona "Mirmahmud Fəttayev kimdir" sualını verdiklərini qeyd edib və buna cavab yazıb.
Keçmiş prokuror cavabında yazır: "O, "Mir"- Mahmud Fəttayevdir. Son vaxtlarında KQB xətti ilə Azərbaycana qarşı düşmənçilik edənlərə xidmət göstərən təxribatçı-alətdir. Rusiya "İslam Komitəsi"nin sədri və azərbaycanlı adı altında İslama və Azərbaycana qarşı təxribati fəaliyyətlə məşğul olan, milliyyətcə erməni olan Heydər Camal kimi".
Mahir Cavadov daha sonra qeyd edib ki, o, erməni millətinə qarşı deyil. "Mən erməni millətinə qarşı deyiləm. Ermənilər arasında mənim də dostlarım var. Hansıları ki, mərd insan kimi tanıyıram. Mən ancaq o erməniləri düşmən bilirəm ki, Qarabağda bizə qarşı vuruşublar və torpaqlarımızı işğal ediblər. Atam Bəxtiyar müəllimin sözlərini təkrarlayıram: "Ayıq olun qardaşlar!".
Qeyd edək ki, Mahir Cavadovla Mirmahmud Fəttayev arasında narazılığın yaranmasının dəqiq səbəbi məlum deyil. Ümumilikdə götürdükdə isə bu şəxslər arasında hər hansı bir qarşıdurmanın olma imkanları da bizim üçün çox qaranlıqdır. Çünki onların istər siyasətdə, istərsə də digər sahələrdə kəsişən nöqtələri yoxdur və əvvəllər də olmayıb. Heç o da inandırıcı deyil ki, gələcəkdə də olsun. Ona görə də, keçmiş prokurorun Mirmahmud ağaya qarşı bu şəkildə aqressiv yanaşmasının dəqiq motivləri bəlli deyil.
Məsələyə münasibət öyrənmək üçün Mirmahmud Fəttayevlə də əlaqə saxlamaq istədik. Lakin onunla danışmaq imkanımız olmadı. Amma buna baxmayaraq, KXCP sədrinin də mövqeyini dərc etməyə hazırıq.
Namiq