İcra başçısı Bakıya çağrıldı
İcra başçısı Bakıya çağrıldı

Ramiz Cəbrayılov barəsində aşkarlanmış faktlarla bağlı izahat verməli olub

Artıq bir neçə gündür Laçının icra başçısı Ramiz Cəbrayılov ciddi problemlə üzləşib. Rayon təhsil şöbəsinin işçisi Müqabil Baxışovun mətbuata çıxaraq bir neçə faktı açıqlamasından sonra yaşanan gərginlik isə hakimiyyət dairələri tərəfindən nəzarət altına alınıb.

Bu barədə qəzetimizə etibarlı mənbələrdən daxil olan məlumatda deyilir ki, Laçın rayon Təhsil Şöbəsinin əməkdaşının açıqladığı ciddi faktlardan sonra Bakıya çağrılan icra başçısından izahat istənilir. Belə ki, onun yol verdiyi nöqsanlara aydınlıq gətirməsi tələb olunur. Ramiz Cəbrayılovun izahatında deyilənləri yalanlasa da, ortada olan faktların qarşısında aciz qalıb. Bundan sonra icra başçısını hakimiyyət dairələrini aldatmağa cəhddə ittiham ediblər. Vəziyyətdən çıxmaq üçün nə edəcəyini bilməyən Laçının rəhbəri özünə simsar olan şəxslərlə əlaqə saxlayaraq, yardım istəyib. Amma məsələnin qəliz olduğunu bilənlər yardım göstərməkdən imtina ediblər.
Mənbə bildirir ki, Ramiz Cəbrayılov hal hazırda Bakıdadır və ondan dolğun izahat tələb olunur. Eyni zamanda, rəsmi qurumlar onun gizli şəkildə həyata keçirdiyi məsələləri də diqqətinə çatdırıblar. Bircə səhvi ucbatından düşdüyü qəliz vəziyyətdən icra başçısının çıxa biləcəyi isə inandırıcı görünmür. Hətta o da deyilir ki, Cəbrayılov artıq istefaya göndəriləcəyi qərarının veriləcəyini gözləyir.
Qeyd edək ki, Ramiz Cəbrayılovdan sorulan əsas hesab laçınlıları ayağa qaldırmağa cəhd etməsi göstərilir. Bildirilir ki, işğal altında olan rayonların əhalisi arasında ən aqressiv camaat kimi qəbul edilən laçınlıların bu illər ərzində narazı salınmaması üçün rəsmi qurumlar bir xeyli işlər görüblər. Lakin bu yaxınlarda laçınlılar Taxtakörpü deyilən ərazidə etiraz aksiyası keçirərək, icra başçısı qarşısında bir sıra tələblər qoyublar. Həmin tələblər qaçqınlar üçün inşa olunmuş evlərin ədalətli şəkildə paylanılması, qaçqın ailələrinə verilən yardımların ünvanına çatdırılması və rayonda həyata keçirilən kadr islahatının qohumbazlıq səviyyəsindən çıxması olub.
Bildirək ki, əhalinin qaldırdığı tələb yetərli qədər haqlıdır. Çünki həqiqətən də Ramiz Cəbrayılov rayonda heç də ürəkaçan vəziyyət yaratmayıb. Əvvəla o, bütün vəzifələrə qohumlarını gətirib. Bəzi məlumatlara görə, hal hazırda Laçın rayonundakı 23 dövlət vəzifəsi icra başçılarının əlindədir.
İkinci əsas tələb qaçqınlar üçün tikilmiş evlərin ədalətli şəkildə bölşüdürülməməsi ilə bağlıdır. Bu barədə verilən məlumatlarda vurğulanır ki, Taxtakörpü yaxınlığında salınmış qəsəbədəki evlər icra başçısının qohumları tərəfindən satışa çıxarılıb. İş o yerə çatıb ki, heç bir imkanı olmayan qaçqın ailəsindən 500 manat rüşvət istənilib. Bundan başqa, çoxotaqlı evə sahib olmaq istəyən laçınlılar üçün də qiymətlər fərqlidir. Belə ki, 2 otaqlı evə sahib olmaq istəyən qaçqın ailəsi 1000 manat, 3 otaqlı ev almaq istəyənlər isə 1500 manat verməlidirlər. Rayon sakinləri deyir ki, bu imkan onlarda olmadığı üçün ev ala bilməyib, acınacaqlı vəziyyətdə yaşamalı olurlar.
Qaçqınlara verilən yardımlar məsələsinə gəldikdə isə analoji problem Laçın rayonunda da yaşayır. Sakinlərin dediyinə görə, onlara verilməli olan ərzaq məhsullarının bazarlarda satıldığını dəfələrlə müşahidə ediblər. Onların bildirdiyinə görə, icra başçısı bu işləri qohumlarına həvalə edib və onlar da həmin yardımları sataraq, pula çevrib, özlərinə "güzaran" qururlar. Məsələ ilə bağlı etdikləri şikayətlərə isə məhəl qoyan yoxdur.
Rəsmi dairələrə verilmiş əlavə məlumatda bildirilir ki, Laçının icra başçısı bəzi məqsədlərini həyata keçirmək üçün belə bir narazılığın əsasını qoyub. Həmin məqsədlərin isə əlavə qazanc əldə etmək niyyəti daşıdığı da sonradan aydınlaşıb. Bundan xəbərdar olan müvafiq qurumlar bu hərəkətin bilavasitə əhalini hakimiyyətə qarşı qaldırmaq cəhdi kimi qiymətləndiriblər. Mənbə deyir ki, Ramiz Cəbrayılov həmin suallara cavab verə bilməyib. Ona görə də, durumu həddindən ağırlaşan icra başçısı izahatını yazdıqdan sonra İcra Hakimiyyətinə gəlib. Oradan isə çıxaraq evinə yerləşib. Məlumatlara görə, o, iki gündür işə çıxmır. Və bunun səbəbləri barədə isə İcra Hakimiyyətinin işçiləri heç bir açıqlama vermirlər.

Cavid Qarabağlı