Biləsuvarda əkin sahələri təhlükə altında qalıb. Havaların istiləşməsi ilə aktivləşən siçanabənzər gəmiricilər bitkilərin toxumunu və kökünü yeyərək təsərrüfatlara ciddi ziyan vurur.

Biləsuvarlı fermer Tofiq Aslanov gəmiricilərin yuvalarına əkin sahələrində becərmə işləri apararkən təsadüf edib. O deyir ki, gəmiriciləri tələf etməyə çalışsalar da, bu yetərli olmayıb. Əkin sahələrinə kütləvi yayılan zərərvericilər belə davam edərsə məhsuldarlığa ciddi zərər verəcək.

Təsərrüfat sahibi bildirir ki, gəmiricilər təkcə bitkilərin köklərini yeməklə kifayətlənmirlər, həm də sahələrin suvarılmasına da mənfi təsir göstərirlər. Belə ki, əkin sahələrində yaratdıqları dəliklər hesabına su itkiyə gedir. Mütəxəssislər bildirir ki, zərərvericilərə qarşı mübarizədə aqrotexniki tədbirlərin görülməsi mühüm əhəmiyyətə malikdir. Əkin sahələri vaxtında şumlandıqda , becərildikdə, suvarıldıqda məhsul vaxtında və itkisiz yığıldıqda yuvalarda olan gəmiricilər məhv olur. Amma fermer deyir ki, bu il taxıl vaxtından əvvəl biçilsə də gəmiricilərin kökü kəsilməyib. Hazırda digər əkin növləri də təhlükə altındadır.

Biləsuvar rayon Bitki Mühafizə Mərkəzindən bildirdilər ki, payız-qış aylarında gəmiricilərə qarşı profilaktik tədbirlər aparılıb. Amma yaz və yay mövsümünün nəmişkən keçməsi gəmiricilərin artmasına və sürətlə yayılmasına səbəb olub.