Azərbaycan-Gürcüstan arasında hansı narazılıq var?
Azərbaycan-Gürcüstan arasında hansı narazılıq var?
Zahid Oruc: "Azərbaycan Gürcüstanın iqtisadi müstəqilliyinə qarant
dövlətlərdən biridir"

Zəlimxan Məmmədli:
"David Qareci monastırı ətrafında yaradılmış
gərginlik süni xarakterlidir"

Milli Məclisin fəaliyyət istiqamətində böyük önəm verilən məsələlərdən biri də beynəlxalq əməkdaşlıqdır. Bunun üçün ali qanunverici orqanın dünyanın 76 ölkəsinin parlamentlərarası əlaqələrlə bağlı işçi qrupları var ki, bu qruplara dostluq qrupları da deyilir.

Bəs, deputatlar təmsil olunduqları işçi qruplarının təyinatına uyğun olaraq qarşı ölkə ilə Azərbaycan arasında münasibətləri necə dəyərləndirirlər?
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Zahid Oruc bildirib ki, gürcüstanlı həmkarları tez-tez Azərbaycanda səfərdə olurlar. Onlarla çox geniş sahədə görüşlər keçirilib və gələcək əməkdaşlıq üçün bir sıra faydalı razılaşmalar əldə olunub:
"Yəqin ki, bundan sonrakı dönəmdə də Azərbaycan parlamentariləri Gürcüstanda olacaq. İki ölkə arasında təmaslar çoxdan qurulub və bu elə bir platformadır ki, hər iki ölkənin maraqlarına cavab verir. Parlament sadəcə onun bir xətti olaraq qanunvericilik, hüquqi sənədləşmə və daha yaxından siyasi təmasların qurulmasında yardımçı olur. İqtisadi münasibətlər isə geniş bir səviyyədə davam edir. Azərbaycan Gürcüstanın iqtisadi müstəqilliyinin qarant dövlətlərdən biridir və başlıcasıdır. Nəzərə alsaq ki, Gürcüstan ənənəvi əlaqələrindən imtina edib, bu sırada onu belə bir müstəqil durumda saxlanmasının ən başlıca mədəni səbəbi Azərbaycanla birbaşa bağlı olmasıdır. Gürcüstanda yaşayan soydaşlarımızın bu və ya digər dövrdə problemləri qabarır və onun Azərbaycan dövləti tərəfindən qarşılandığını biz hər zaman görməkdəyik. Lakin nəzərə almalıyıq ki, onlar oranın köklü sakinləridilər və bu, Gürcüstan dövlətinin onların qarşısındakı öhdəliyidir. Bu baxımdan Gürcüstan-Azərbaycan və parlament əlaqələrinin görüşlər zamanı olan söhbətlərdə, oradakı soydaşlarımızın hüquqları, təşkilatlanması, təhsili, gələcək idarəçilikdə təmsilçiliyi yer almalıdır".
Milli Məclisin üzvü son vaxtlar İran tərəfindən Gürcüstan azərbaycanlıları içərisində dini təşviqat törətmək, onlardan Azərbaycana qarşı istifadə etmək yönündə çox böyük fəaliyyət aparıldığını deyib:
"Çox arzulayıram ki, bu məsələ də bizim parlamentlərin diqqətində olsun. Çünki bu cür təbliğatın ayrı məqsədləri olur və hamımıza ziyan vura bilər. Gürcüstan-Azərbaycan beynəlxalq əlaqələri, əməkdaşlığı daha yeni səviyyəyə qalxmalıdır. Çox təəssüf edirəm ki, biz fəal şəkildə Gürcüstanın maraqlarını, təhlükəsizliyini qoruduğumuz halda, eyni adekvat reaksiyanı onlardan görmürük. Lakin hər halda bizim bu məsələdə əməkdaşlığımızın yeni formatına ehtiyac var".
Son vaxtlar "David Qareci" və ya "Keşikçidağ" məbədi ilə bağlı iki ölkə arasında narazılıq yaşandı. Ona görə Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası məsələsinə toxunan Z.Oruc bu problemin hər iki dövlətin münasibətlərinə təsir etdiyini bildirib:
"Xüsusilə vurğulamaq istəyirəm ki, sərhəd məsələlərində razılaşma yeganə olaraq Gürcüstanla qalıbdır. Bu, çox təəssüf doğuran haldır. Parlament çox yaxın bir müddətdə bunun ətrafında anlaşma tapılmasına kömək edə bilər. Bildiyim qədər bu məsələdə dövlət rəhbərləri arasında razılaşma tapılıb. Bu konsensus qərarlar yəqin ki, elan olunacaq və sonra parlamentlər də onu təsdiq edəcək. Əminəm ki, bu məsələnin nifaq almasına çalışanlar öz niyyətlərinə nail ola bilməyəcəklər".
Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, "Azərbaycanla Gürcüstan arasında narazılıqdan daha çox prinsipial siyasi-strateji fərqlər var. İş burasındadır ki, Gürcüstan Qərb strukturlarına, xüsusən də NATO-ya üzvi şəkildə inteqrasiya olunmaq xətti götürüb və bunu ardıcıl şəkildə gerçəkləşdirir. Lakin Azərbaycan iki yolayrıcında qalıb və hansı tərəfə meyllənəcəyini qətiləşdirə bilmir. Digər nəzərə çarpan ciddi fərq Gürcüstanda demokratik islahatların sürətlə həyata keçirilməsidir və artıq Gürcüstan cəmiyyəti və bu ölkəyə qonaq gələnlər bu islahatların bəhrələrini hiss etməkdədirlər. Azərbaycanda isə demokratik islahlatlardan söhbət gedə bilməz. Yalnız korrupsiyaya qarşı zahiri mübarizə istisna edilmək şərtilə. Təbii ki, bu cür strateji fərqlər Gürcüstanda yaşayan soydaşlarımızın durumuna da ciddi şəkildə təsir edir".
Zəlimxan Məmmədli bildirir ki, "Hazırda Gürcüstandakı soiydaşlarımızn ən ciddi problemlərindəın biri türkcə olan yer adlarının dəyişdirilməsi və Azərbaycan türkcəsində təhsil almaq məsələsidir. Bu məsələ Gürcüstan rəsmiləri qarşısında dəfələrlə qaldırılsa da, hələ ki müsbət nəticə müşahidə edilmir. Ancaq ümid edirik ki, Azərbaycan rəsmiləri bu məsələni qəti və kəskin şəkildə qaldırsalar, müəyyən dəyişikliklərə nail ola bilərik".
Zəlimxan bəyin fikrincə, "Son dövrlər tez-tez gündəmə gələn David Qareci monastırı məsələsi süni bir məsələdir və Gürcüstanla Azərbaycan arasında kənar qüvvələrin yaratdığı süni problemdir. Fikrimcə, bu məsələni çox da şişirtməyinə dəyməz. Və yeri gəlmişkən, Azərbaycanla Gürcüstan arasında mübahisəli ərazilər təkcə bu monastırla məhdudlaşmır".

Mehdi Əli