"Elmlər Akademiyası" ətrafında ticarət obyektlərinin söküntüsünə başlanıldı
"Elmlər Akademiyası" ətrafında ticarət obyektlərinin söküntüsünə başlanıldı

Sahibkarlara əşyalarını daşımaq üçün xüsusi maşınlar ayrılıb

Dünən səhər saatlarından Bakının "Elmlər Akademiyası" metro stansiyasının ətrafında fəaliyyət göstərən ticarət obyektlərinin söküntüsünə başlanılıb. Yasamal rayonu Zahid Xəlilov və Firudin Ağayev küçələrində ümumilikdə 50-ə yaxın irili-xırdalı ticarət obyekti fəaliyyət göstərir.
Sahibkarlar şikayətlərində bildiriblər ki, dünən səhər saat 10:00 radələrində onlara söküntü barədə məlumat verilib və elə həmin andan söküntü işlərinə başlanılıb. Bəzi obyekt sahibləri deyir ki, onlara əşyalarının köçürülməsi ilə bağlı heç bir yardım göstərilmir. Sadəcə gəlib əşyaları çıxartmağı əmr ediblər. Bəzi sahibkarların sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi maşınlar ayrılıb ki, onların əşyalarını istədikləri yerlərə daşısınlar. Lakin onlara heç bir gün də möhlət verilməyib.
Ərazidə söküntü işlərinə nəzarət edən Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşlarından verilən məlumata görə, Dövlət Proqramına uyğun olaraq "Elmlər Akademiyası" metrostansiyasının ikinci çıxışının və Milli Elmlər Akademiyasının Mərkəzi kitabxanasının tikintisi ilə əlaqədar həmin ünvanlarda ticarət obyektləri sökülür. Həm də, söküntü barədə ötən gündən xəbərdarlıq verilib və iyun ayının 2-nə qədər həmin ərazidəki bütün obyektlər söküləcək. Sahibkarların əşyaları dövlət hesabına obyekt sahiblərinin istədikləri yerlərə daşınacaq. Sənədləri düz olan obyekt sahiblərinə kompensasiya veriləcək. Lakin sənədsiz işləyənlərə heç bir yardım göstərilməyəcək.