"Son Zəng" məzunlara neçəyə başa gəlir?
"Son Zəng" məzunlara neçəyə başa gəlir?

Şagirdlər təhsillərini başa vurduqları üçün 300 manata qədər pul xərcləməli olacaqlar

Hər il olduğu kimi, bu ildə mayın son günü orta məktəbləri bitirən şagirdlər tərəfindən "Son Zəng" kimi qeyd olunacaq. Artıq bir neçə ildir şəhərdə deyil, orta məktəblərin binalarında qeyd olunan bu bayramın valideynlərə baha başa gəldiyi də məlumdur. Təhsil Nazirliyi hər nə qədər iddia etsə belə, bu gün məktəblərdə yığılan rüşvətin həcmi kiçik hesab olunmur. Xüsusən də "Son Zəng"lə bağlı yığım kampaniyası daha ağır formada təzahür edir.

İlk olaraq bununla bağlı rəsmi məlumata diqqət yetirək. Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının verdiyi məlumata görə, paytaxt ərazisində təşkil olunacaq "Son zəng" tədbirlərində təhlükəsizlik tam təmin olunacaq.
Təhsil nazirinin son zənglə bağlı müvafiq əmrinə əsasən bu gün, may ayının 31-də saat 10-00 da başlayacaq "Son zəng" tədbirləri üç saat ərzində davam etdiriləcək. Bütün müəssisə rəhbərlərinə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmək tapşırılıb: "Tədbirin keçirilməsi, bura dəvət olunan qonaqlar, bunların hamısı müəssisə rəhbərlərinin diqqət mərkəzindədir. "Son zəng"i şagirdlər yalnız məktəb çərçivəsində keçirməlidirlər. Tədbirin kənarda keçirilməsini, kütləvi yerlərə axın edilməsinə imkan yaradılmayacaq. Amma belə bir şey olarsa təhsil müəsisələri məsuliyyət daşımırlar. Uşaqlara şərait yaradılacaq ki, üç saatlıq tədbirlərdə iştirak etsinlər. Amma bu çərçivədən kənara çıxan şagirdlərə görə biz məsuliyyət daşımayacağıq. Hər il olduğu kimi bu ildə Bakı şəhər Baş Polis İdarəsinə müraciət olunub. Onlar da məktəb ərazisində təhlükəsizliyin təmin olunması üçün təminat verəcək. Ötən il xüsusi əməkdaşlar məktəblərin ərazisində tədbirlərin keçirilməsi zamanı təhlükəsizliyi tam təmin etdilər. Çox güman ki, bu il də belə bir addım atılacaq. Həmin gün "qaynar xətt" də fəaliyyət göstərəcək. Hər hansı problem yaranarsa Bakı şəhəri Baş Təhsil İdarəsinin 441 06 99 saylı "qaynar xətt"inə müraciət edə bilərlər".
Z.Əliqızı deyib ki, bu il paytaxtda 22 min şagird XI, 29 min şagird isə IX sinfi bitirəcək.
İndi isə keçən əsas mətləbə. O mətləbə ki, övladları orta məktəbi bitirən valideynlərin nə qədər xərc çəkdiyi məsələsinə. Çünki son illər XI sinfi bitirənlər bu hadisəni xüsusi təmtəraq və təntənə ilə qeyd etməyə çalışırlar. Son zəngin qeyd edilməsi orta məktəb məzunlarına elə-belə başa gəlmir və onlar müxtəlif məbləğdə pul xərcləməli olurlar.
Bununla bağlı Bakıdakı bir neçə orta məktəbin XI sinfini bitirən məzunlarla söhbət edərək onlardan son zəng günü nə qədər pul xərcləyəcəklərini soruşduq. Suallarımıza cavab verərkən öz adlarını və soyadlarını gizlədən məzunlar, həm də oxuduqları məktəblərin nömrəsinin qeyd edilməsini istəməyiblər. Bunun səbəbi isə sonradan onlar üçün müəyyən problemlərin yarana biləcəyidir.
Nərimanov rayonundakı prestijli orta məktəblərdən birində oxuyan şagirdlərdən biri bildirib ki, o, direktora 40 manatlıq hədiyyə, 20 manatlıq gül dəstəsi, sinif rəhbərinə isə 15 manatlıq gül dəstəsi alacaq. Bundan başqa, müəllimlər üçün sinfin birlikdə alacağı hədiyyəyə görə daha 10 manat ödəyəcək.
Məzun sinif yoldaşları ilə birlikdə restoranda təşkil edəcəkləri banket üçün 50 manat, tədbirin videokamera ilə çəkilişinə görə 5 manat, xüsusi olaraq son zəng üçün geynicəyi paltar üçün isə 40 manat xərcləyəcək. Beləliklə o, son zəng günü 180 manat xərcə düşəcək. Elə onun sinif yoldaşlarının hər birini də bu qədər vəsait xərcləmək gözləyir.
Nəsimi rayonunda yaşayan XI sinif şagirdi isə son zəng günü bir qədər artıq pul xərcləyəcək. O, direktora, sinif rəhbərinə və digər müəllimlərə hədiyyə, gül dəstəsi alınması üçün 100 manat verəcək. Banket üçün 50 manat, son zəng günündə geyinəcəyi xüsusi paltar üçün 50 manat, qadın salonunda yüngülvari bəzənmək üçün 10 manat, banketin çəkilişinə görə 10 manat xərcləyəcək. Bundan başqa o, son zəng çalınarkən ona gül dəstəsi gətirəcək 1-ci sinif şagirdi üçün də 15 manatlıq hədiyyə alıb. Nəticədə adının çəkilməsini istəməyən məzun bu gün 235 manatından keçməli olacaq.
Onu da qeyd edək ki, son günü məzunların xərcləyəcəkləri vəsaitin məbləği onların harada yaşamalarından asılıdır. Göstərilən məbləğlər paytaxtın mərkəzində yaşayan məzunlar üçün artır (270-300 manatadək), şəhərətrafı qəsəbələrdə isə azalır (100-50 manatadək).
Təbii ki, bu qədər vəsaitin xərclənməsi həm şagirdlərin istəyi, həm də onların müəllimlərinin tələbi ilə bağlıdır. Çünki hər bir məzun tədris ilinin sonunda yuxarıda sadaladığımız şeyləri almağa məcburdurlar. Əks təqdirdə, onlar üçün bir sıra problemlər yarana bilər ki, onların da müəllifi elə müəllimlər və direktorlardır. Təhsil Nazirliyi isə bununla bağlı deyilənləri hər dəfə qulaqardına vurur və əhəmiyyət vermir. Görünür, yığılan pullarda onların da müəyyən maraqları var. Yoxsa, çoxdan bununla bağlı əncam çəkərdilər.
Cavid Qarabağlı