Milli Məclis Artur Rəsizadənin istefası üçün toplanır
Milli Məclis Artur Rəsizadənin istefası üçün toplanır

Hökumət başçısı səhhətindəki problemlərə görə yola salınır

Mayın 29-da Milli Məclisin yaz sessiyası öz işini başa çatdırdı. Amma parlament növbəti ayda - iyunda növbədənkənar yenə də toplaşacaq.

Bu barədə srağagün yaz sessiyasının sonunda məlum olub. Bildirilib ki, iyunda parlamentin bir neçə növbədənkənar iclasının keçirilməsi planlaşdırılıb. Amma həmin iclasların nə vaxt keçiriləcəyi yönündə dəqiq tarix açıqlanmayıb.
Dünənsə millət vəkillərindən biri "Unikal"a açıqlamasında parlamentin növbəti ayda toplaşacağına dair məlumatları təsdiqləyərək bildirib ki, iclaslarda bir neçə mühüm qanun layihəsinin təsdiqinin gözlənildiyini deyib. Amma ən ilginci iyundakı növbədənkənar iclaslarda ölkənin ictimai-siyasi həyatı üçün çox önəmli bir qərarın qəbul ediləcəyi yönündədir.
Söhbət Nazirlər Kabinetinin rəhbəri Artur Rəsizadənin görəvdən alınmasından gedir. Bildirildiyinə görə, baş nazirin səhhətində uzun müddətdir ciddi problemlər var. Onun keçən müddətdə ən azı dörd dəfə istefa xahişi ilə ölkə rəhbərliyinə müraciət etdiyi, amma bu istefa ərizələrinin heç birinin qəbul olunmadığı diqqətə çəkilir.
Yeni iddialara görə, artıq Artur Rəsizadənin öz səlahiyyətlərini yerinə yetirməsi üçün fiziki imkanlarının tamamilə imkan vermədiyi nəzərə alınaraq Nazirləri Kabineti başçısının yola salınması qərarlaşdırılıb. Hazırda yeni baş nazirin kim olacağı bəlli deyil. Əlbəttə, ehtimal etmək mümkündür ki, qarşıdakı müddətdə baş nazir postuna təyin olunacaq şəxsin adı iqtidarın ən yuxarı eşalonunda qərarlaşdırılıb, amma bu qərar maksimum gizli saxlanılır.
Bəzi mənbələr hesab edir ki, yeni baş nazirin kimliyi məsələsində gerçəkləşmə ehtimalı ən yüksək olan versiya hələlik bu görəvə heç bir təyinatın gerçəkləşməməsi və baş nazir səlahiyyətlərinin müavinlər arasında bölüşdürülməsi, yaxud birinci müavinə həvalə edilməsidir. Çünki yeni prezident seçkilərinə bir ildən bir qədər artıq müddət qalır. Prezident seçkilərindən sonra isə yeni Nazirlər Kabinetinin formalaşdırılacağını nəzərə alsaq, hakimiyyət içində baş nazirlik postu uğrunda qruplararası çəkişmələrin güclənməsinə yol verməmək üçün bu məsələni elə 2013-cü ilin payızına saxlamaq realdır.
Qeyd edək ki, "Unikal" olaraq hələ aprel ayında yaxzmışdıq ki, Artur Rəsizadənin səhhətində problemlərin olması və bu səbəbdən onun işə seyrək çıxması barədə təxminən 2009-cu ildən məlumatlar var. "Onun bu müddətdə bir neçə dəfə sağlamlığını əsas göstərərək işdən azad olunmasını istədiyi, bir neçə dəfə isə öz istəyi ilə istefa ərizəsi yazdığı da gələn bilgilər arasındadır" deyə həmin vaxt bildirmişdik. Yeni yayılan məlumatlar həmin vaxt qəzetimizin yazdıqlarının doğruluğunu təsdiqləməklə yanaşı, belə bir ehtimalı da qüvvətləndirir ki, əslində iqtidar içində 2013-cü il prezident seçkilərinə qədər yola Artur Rəsizadə ilə davam etmək barədə yekdil mövqe olub.
Amma görünür, artıq baş nazirin səhhətindəki problemlər o qədər ciddiləşib ki, iqtidarın rəsmi ikinci şəxsinin dəyişdirilməsi qaçılmaz reallığa çevrilib.
Xatırladaq ki, Artur Rəsizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib. 1973-1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975-1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olub. 1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrini tutub. 1992-1994-ci illərdə İqtisadi Islahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. 1996-cı ilin mayından baş nazirin birinci müavini, 1996-2003-cü illərdə baş nazir, 2003-cü ilin avqust - noyabr aylarında baş nazirin birinci müavini vəzifələrində işləyib. 2003-cü ilin noyabrndan yenidən baş nazirdir.

Seymur Quliyev