Bu gün Qafqaz regionunda vətəndaş cəmiyyətlərinin formalaşması prosesi diqqəti xüsusilə cəlb edir. Hazırda Azərbaycan qonşu Gürcüstanla və Ermənistanla müqayisədə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində ciddi uğurlara imza atıb və proses davam etdirilməkdədir.
Bu gün KİVDF-nin, Prezident yanında QHT-lərə Dəstək Fondunun mövcudluğu kifayət qədər ciddi amildir və vətəndaş cəmiyyətinin formalaşmasına əhəmiyyətli təsirini göstərir. Həmçinin Gürcüstanda da vətəndaş cəmiyyətinin formalaşması istiqamətində mühüm addımlar atılıb və Azərbaycan hər fürsətdə Gürcüstanda vətəndaş cəmiyyətinin formalaşmasına dəstəyini əsirgəmir. Amma regionda vətəndaş cəmiyyətlərinin formalaşmasına əngəl törədən yeganə ölkə Ermənistandır. Azərbaycanın 20 faiz ərazisini işğalda saxlayan, Gürcüstanda zaman-zaman milli münaqişə yaratmağa cəhd edən Ermənistan sözün həqiqi mənasında real təhlükəyə çevrilib. Amma bu təhlükə hazırda Ermənistanın öz daxilində real problemlər yaratmağa başlayıb. Belə ki, Ermənistanda baş verən son hadisələr bir daha bu ölkənin idarə olunmasında repressiyalardan əsas üsullardan biri kimi istifadə olunduğunu təsdiqlədi. "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatının keçirmək istədiyi aksiyanın zor gücünə qarşısının alınması, xeyli sayda fəalın həbsi bunun real göstəricisidir. Hakimiyyət fəalların etiraz aksiyasının böyüyəcəyindən ehtiyat edərək tədbirin baş tutmasına imkan verməyib.
Aksiya iştirakçıları baş verənlərə cavab olaraq fasiləsiz piket və mitinqlərə başlayacaqlarını istisna etməyiblər. Hökumətə qarşı yaradılan "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatına dəstək verənlərin sayının artması isə davam edir. Xatırladaq ki, "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatının fəalları 3 aydır ki, ölkə rəhbərliyinin yarıtmaz siyasətinin əleyhinə nümayişlər keçirirlər. Sosial problemlər fonunda təşkil edilən aksiyalarda siyasi tələblər irəli sürülür, hakimiyyət istefaya çağırılır. Amma iqtidar ona qarşı artan etirazı güc yolu ilə boğmağa çalışır. Proseslərin gedişini izləyən siyasi təhlilçilər isə hesab edirlər ki, Serj Sarkisyan iqtidarının ona qarşı çıxanlara müqaviməti uzun çəkməyəcək. Çünki hakimiyyətin bütün resursları getdikcə tükənir. Ölkə iqtisadiyyatında miqyası genişlənən problemlər isə iqtidar üçün daha böyük çətinliklərə yol açır.
Xüsusən Rusiyadan gələn sərmayələrin miqdarının azalması Ermənistanı daha sürətlə fəlakətə sürükləyir. "Aykakan jamanak" qəzeti yazır ki, cari ilin birinci yarımilliyində Ermənistan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə, yəni 180 milyon dollardan 65 milyon dollara qədər azalıb. Qəzet qeyd edir ki, iqtisadiyyatın bir çox sahələrinə qoyulan investisiyalar praktiki olaraq bütün ölkələr tərəfindən azaldılıb: "Bu, Ermənistanın yeni iqtisadi zonada - Avrasiya İqtisadi İttifaqında olduğu birinci yarımildə baş verib, halbuki, Avrasiya İqtisadi İttifaqına daxil olduqdan sonra Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminin artacağı bəyan edilirdi. Yəni hər şey əksinə oldu. Bizim Avrasiya İqtisadi İttifaqı çərçivəsində əsas tərəfdaşımız və ənənəvi olaraq Ermənistan iqtisadiyyatına daha çox sərmayə yatıran Rusiya birinci yarımildə sərmayələrin həcmini 12 dəfə azaldıb. Keçən ilin birinci yarımilində Rusiya tərəfindən birbaşa investisiyaların həcmi 88 milyon dollar idisə, bu il bu sərmayələr 7 milyon həddini çətinliklə aşır".
Ermənistanda investisiya mühitinin bərbad durumda olması da xarici ölkələrdən sərmayələrin həcmini sürətlə azaldır. Hətta erməni iş adamları belə öz ölkələrinə sərmayə yatırmaqdan boyun qaçırmağa başlayıblar. Aydındır ki, Ermənistan rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə iqtisadiyyatında yaranmış böhranlı vəziyyət, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, işsizliyin tüğyan etməsi iş adamlarını bu ölkədən qaçırır. Digər tərəfdən ailəsini dolandırmaq xatirinə ölkəni tərk edənlərin sayının artması, iş adamlarına açıq-aşkar təzyiqlər göstərilməsi və onlardan haqq tələb olunması, istər xarici, istərsə də yerli investorların Ermənistana sərmayə yatırmaqdan boyun qaçırmaları investisiya qoyuluşunun kəskin şəkildə azalmasına təsir edən başlıca amillər sırasında yer almaqdadır. Xarici investorlar iqtisadi inkişafı sual altında olan və məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir ölkənin iqtisadiyyatına sərmayə yatırılmasının nə dərəcədə böyük risk olduğunu yaxşı bilirlər.
Aydındır ki, xarici və yerli sərmayədarların inamsızlığı nəticəsində investisiya qoyuluşunun kəskin azalması iqtisadiyyatı getdikcə tənəzzülə uğramaqda olan Ermənistanı daha ağır vəziyyətdə qoyacaq. Bu fonda Rusiya ilə ticarətin həcminin azalması isə erməni ekspertlər tərəfindən böyük fəlakət kimi qiymətləndirilir.
Bu ilin yanvar-iyul aylarında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 14,3 faiz azalaraq 653,5 milyon dollar təşkil edib. Məlumata görə, Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 24,6 faiz olub. Bu ölkədən Rusiyaya ixracat bu ilin əvvəlindən 107,2 milyon dollar, ötən ilin uyğun dövründə isə 164,6 milyon dollar təşkil edib. Rusiyadan idxalat isə 546,2 milyon dollar olmaqla, 8,6 faiz azalıb. Erməni mediası isə vəziyyətin getdikcə pisləşəcəyini etiraf edir.
Bütün bunların nəticəsində Ermənistan iqtisadiyyatı sürətlə çökür. Maraqlıdır ki, Ermənistanın digər sənaye müəssisələri ilə müqayisədə daha yüksək ixrac qabiliyyəti olan dağ-mədən və metallurgiya sənayesində də problemlər mövcuddur. Dünya əlvan metal və metal bazarında qiymətlərin enməsi Ermənistanın qızıl və mis ixracından əldə etdiyi gömrük gəlirlərinin xeyli azalmasına səbəb olub. Bu sahədə fəaliyyət göstərən şirkətlərin çoxu bağlanıb.
Bu durumda ölkə daha çox xarici dövlətlərdən asılı vəziyyətə düşür. Belə vəziyyət isə bir dövlət kimi Ermənistanın məhvi deməkdir.
Amma belə durumda Ermənistana Rusiya tərəfindən dəstək verilməkdədir. "RF Müdafiə Nazirliyinin dəmiryolu qoşunları hərbi hissəsinin Abxaziyada dəmiryolunu təmir etməsini Gürcüstan özünün daxili işlərinə qarışmaq kimi qiymətləndirdi və Gürcüstan XİN bu məsələ ilə əlaqədar bəyanat verdi. Gürcüstan XİN verdiyi bəyanatın yalnız söz yığını olduğunu çox gözəl bilir və Rusiyanın Abxaziyada gördüyü işin Gürcüstanı yalnız qıcıqlandırmaq xarakteri daşıdığını da başa düşürlər". Bunu "Unikal"a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, indi Rusiya Gürcüstana qarşı sərt hərbi addımlara əl ata bilməz: "Rusiya MDB məkanında, xüsusilə Cənubi Qafqazda istənilən yeni müharibədən qorxur. Rusiyada çox gözəl bilirlər ki, Cənubi Qafqazdakı müharibəni Rusiyanın və ya qeyri-Rusiyanın başlamasından asılı olmayaraq uduzan tərəf Rusiya olacaq. Çünki Cənubi Qafqazın istənilən regionunda - Abxaziya, Cənubi Osetiya, Qarabağ olmasından asılı olmayaraq, başlanan müharibə qısa müddət ərzində Şimali Qafqazın ərazisinə keçəcək. Cənubi Qafqazda başlayan müharibənin Şimali Qafqaza keçməsi üçün maraqlı olan iri geosiyasi qüvvələr və bu işi reallaşdırmağa hazır olan radikal islamçı infrastrukturlar var. Ona görə Rusiyanın Gürcüstana qarşı müharibəyə başlaması nonsensdir. Rusiyanın Gürcüstana qarşı əlində olan ən böyük təzyiq vasitəsi Ermənistandır".
M.Əhmədoğlu bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyan gürcü-abxaz dəmiryolunun açılmasını Ermənistan üçün həyati əhəmiyyətli hadisə hesab edir: "Çünki gürcü-abxaz dəmiryolunun açılması Ermənistanı Rusiyanın digər təzyiqindən - Mehri dəmiryolunun açılması təzyiqindən xilas edə bilər. Ona görə RF Ermənistana seçim şəraiti yaradır - Abxaziyadakı dəmiryolu hazırdır. İndi sən Ermənistan Gürcüstana elə təzyiq et ki, Gürcüstan öz ərazisindəki dəmiryolunu da açsın. Ermənistan məqsədyönlü şəkildə artıq bu işi icra etməyə başlayıb".
Mərkəz rəhbəri sonra qeyd edib ki, Gürcüstan vətəndaşı olan azərbaycanlıların yenidən Ermənistan tərəfindən həbs edilməsinin başlanması, Ermənistan maşınlarının georgi lentləri ilə Gürcüstan ərazisində şütüməsi, erməni deputatlarının Cavaxetiya regionunda iqtisadi və siyasi xarakterli təxribat hərəkətləri bunun göstəriciləridir: "Bunlar effekt verməzsə, Ermənistan Gürcüstana qarşı hərbi şantaj xarakterli addımlara başlayacaq. Ermənistanın Gürcüstana qarşı müharibəsi bu regiondakı digər müharibələr qədər Rusiya üçün təhlükə yaratmır. Çünki RF bu müharibəni asanlıqla idarə edə bilir. Ermənistan Rusiyanın sözündən çıxa bilməz. Ermənistanda RF-in hərbi bazası var. Çeçenistan istiqamətində müəyyən proseslər başlayıb. Çeçenistanda çeçen-gürcü dostluq komitəsi yaradıldı. Bu komitə Rusiyanın gücünü Gürcüstanın daxilinə daşıyacaq. Beləliklə, RF Gürcüstana qarşı yeni güc mərkəzi formalaşdırdı. Çeçen-gürcü komitəsi "yumşaq gücdən" tutmuş hərbi-siyasi faktoradək inkişaf edə bilər".
Politoloq hesab edir ki, Gürcüstan Ermənistanın təxribatlarının qarşısını almağın, neytrallaşdırmağın yolunu tapmalıdır: "Gürcüstan bu addımı Azərbaycanın xatirinə etməməlidir. Öz dövlətçiliyi naminə etməlidir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli konsepsiyası hazırdır. Başa düşdüyümüz qədər o konsepsiyada Gürcüstana rol yoxdur. Gürcüstan özü istəsə də, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əhəmiyyətli rol ala bilməyəcək. Amma Gürcüstanın Ermənistana təslim olması Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi konsepsiyasının fəaliyyətini yubada bilər. Ermənistanın hər şeyi Gürcüstandan asılıdır. Əgər belə vəziyyətdə də Gürcüstan milliyətindən asılı olmayaraq öz vətəndaşlarını Ermənistanın milli münasibətlərə görə girov götürməsindən qoruya bilmirsə, bu, Gürcüstan dövlətinin təkcə zəifliyi kimi dəyərləndirilməməlidir".
M.Əhmədoğlu sonra əlavə edib ki, Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti, Ermənistanın apardığı siyasətin Gürcüstana təhlükə yaratması barədə açıq mətnlə danışan bir nazir var idi - T.Beruçaşvili: "Gürcüstanın xarici işlər naziri T.Beruçaşvili Ermənistanın aqressiv siyasətinin Gürcüstana yaratdığı təhlükə barədə Aİ strukturlarını məlumatlandırmışdı. İndi T.Beruçaşvilinin nazir vəzifəsindən uzaqlaşdırılması gündəlikdədir. Bəlkə də ermənilərin Gürcüstana hücum dalğası məhz T.Beruçaşvilinin vəzifəsini tərk etdikdən sonra başlayacaq. Çünki ermənilər bunu özlərinin uğuru kimi dəyərləndirib Gürcüstan üzərinə hücuma daha da ruhlanacaqlar".