Bu gün Azərbaycanda həyata keçirilən hüquqi dövlət quruculuğu demək olar ki, ən mükəmməl həddə çatıb. Ümumilikdə götürəndə Azərbaycanda dövlət quruculuğunu üç mərhələyə ayırmaq oilar. Bunlardan birincisi ümumilli lider Heydər Əliyev ilk anlarda gördüyü işləri əhatə edir. Belə ki, Heydər Əliyev qısa zamanda ölkədə vətəndaş müharibələrinin, milli zəmində yaranmış toqquşmları aradan qaldırdı, dövlətçilik üçün real təhlükə yaradan silahlı qruplaşmaları ləğv etdi və siyai islahatlara start verdi.
Bakı-Ceyhan kimi neft kəmərinin çəkilməsinə nail olmaqla Azərbaycanın beynəlxalq imicinə dəstək verdi və daxili siyasətlə xarici siyasət arasında bir balans yarada bildi. İkinci mərhələ isə prezident İlham Əliyevin hakimiyyətə gəlişinin ilk 6 ilini əhatə edir. Bu ərəfədə prezident İlham Əliyev siyasi islahatları daha da dərinləşdirdi, regionların inkişaf proqramının həyata keçirlməsinə start verdi. Paralel olaraq Azərbaycanın xarici isyasətində ciddi islahatlar həyata keçirildi, TAP, TANAP , Bakı-Qars dəmiryol xətti,Bakı-Supsa kəməri kimi strateji layihələrin müəllifi oldu və bu proses davam edir. Nəhayət üçüncü mərhələ hazırda yaşadığımız məqamdır və bu məqamı prezident İlham Əliyev Azərbaycan diplomatları ilə görüşündə elan etdi. Prezident bəyan etdi ki, Azərbaycan artıq müdafiə diplomatiyasından imtina etməli və hucum diplomatiyası əsas vəzifəmiz olmalıdır. Bəli, üçüncü mərhələ artıq Azərbaycan dövlətçiliyinin dünyaya güc nümayişi mərhələsidir. Bu mərhələyə həm də Dağlıq Qarabağın azad olunması üçün həyata keçirilən siyasi manevrlər mərhələsi də demək olar. Belə ki, Azərbaycanda ordu quruculuğu sürətlə inkişaf etdirilir, digər tərəfdən isə beynəlxalq əlaqələr inkişaf etdirilir. Nəticədə dövlətçilik ənənəsini itirən Ermənistan daha da çıxılmaz vəziyyətə düşür. Məhz buna görə də Ermənistan hazırda Dağlıq Qarabağ ajiotajını yaratmaq, özmüqəddaratını həll etmə oyunlarından yararlanmaq istəyir. Elə buna görə də sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində qondarma separatçı rejim "özünüidarə orqanları"na qanunsuz "seçkilər" keçirtməyə çalışır.Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı etiraz bəyanatında qeyd olunur ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu bir daha vurğulayır.
Bəyanatda deyilir: "Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.
Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində təsbit olunduğu kimi, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq edilməsi və bunun nəticəsində Azərbaycanın ərazilərinin işğalını kəskin şəkildə pisləyib və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü pozan istənilən əməlləri rədd edərək, bu əməllərin nəticəsində yaradılmış vəziyyətin qanuniliyinin tanımaqdan imtina edib".
Bəyanatda daha sonra qeyd edilir: "Qondarma "seçkilər"in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin və ilhaq niyyətlərinin möhkəmləndirilməsi üçün davamlı addımlar ataraq, Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və əksinə olaraq, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə siyasətinin davam etdiyi zəmində bu qurama "seçkilər" Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu "seçkilər"in heç bir hüquqi qüvvəsi ola bilməz".
XİN hesab edir ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməz: "Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu yuxarıda qeyd edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrində də tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına və mülkiyyətlərinə qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Bu münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqla uyğun olmayan fəaliyyət münaqişənin sülh yolu ilə həlli yolu ola bilməz. Güc tətbiq etməklə ərazinin işğalı beynəlxalq ictimaiyyət tərəfindən heç zaman qanuni tanına bilməz. Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç zaman Ermənistanın arzuladığı siyasi nəticəni verə bilməz".
Bəyanatda eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımamağa və bu vəziyyətin saxlanılmasına yardım və kömək göstərməməyə və bu istiqamətdə təsirli tədbirlər görməyə çağırır. Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, ilhaqçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir".
XİN-in bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğunun davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcəkdir".Ekspertlər hesab edir ki, Ermənistan tərəfinin belə addımlar atmasının ən başlıca səbəblərindən biri də budur ki, Azərbaycan dövlətçiliyinin inkişafını görür və dünya dövlətlərinin də bununla hesablaşma reallığına şahidlik edirlər. Dünənə qədər Ermənistanla strateji müttəfiqlik edən dövlətlər indi reallığı görür və Azərbaycanla əməkdaşlığa daha çox üstünlük verirlər. Hətta hər zaman Ermənsitana dəstək verən Rusiya bu gün Azərbaycanla daha sıx əlaqələr qurmaqda maraqlıdır. Elə bu günlərdə Rusiya ilə Azərbaycanın müdafiə nazirlərinin təkbətək və qapalı görüşləri də buna təsdiqdir. "Unikal"a açıqlama verən politoloq Mübariz Əhmədoğlu deyir ki, belə format danışıqların məzmununa uyğun idi. Azərbaycanın müdafiə nazirinin rəsmi motivasiyası Rusiya Müdafiə Nazirliyinin keçirdiyi beynəlxalq hərbi oyunların açılış və bağlanış mərasimlərində iştirakı idi. Ermənistan müdafiə naziri Seyran Ohanyanın S.Şoyqunun birinci dəvətilə Rusiyaya getməməsi fonunda Z.Həsənovun səfəri və S.Şoyqu ilə mühüm formatda görüş keçirməsi çox şeyi deyir. Bu mühüm göstəricidir. Rusiya Müdafiə Nazirliyi keçən il keçirilən belə oyunların tank biatlonu yarışında Ermənistanı ikinci yerə çıxarmışdı. Bu il Ermənistan tankçıları hətta mükafata layiq yerlərə yaxınlaşa bilmədilər. Beynəlxalq hərbi oyunlar başlamazdan əvvəl 2016-cı ildə bu oyunların Ermənistanda keçiriləcəyi anons edilmişdi. S.Ohanyanın Moskvaya vaxtında səfər etməməsi Rusiya Müdafiə Nazirliyini bu fikrindən də daşındırdı".M.Əhmədoğlunun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında münasibətlər çox soyuqdur. O bildirib ki, Rusiyanın son vaxtlar Ermənistana ayırdığı 2-3 kredit layihəsi yalnız Ermənistanı sınaqdan keçirmək üçün verilib:"O kredit layihələrinin Ermənistanda reallaşacağına inamımız çox azdır. Rusiya Ermənistanla diktə ilə danışır. Qazın qiymətini 189 dollardan 165 dollara salacağını bəyan etsə də bunu yalnız Ermənistan - Gürcüstan və Ermənistan - İran Yüksək gərginlikli elektrik xətlərinin sahibliyini ələ keçirdikdən sonra etdi. Ermənistanın ikibaşlı oyunları Rusiyanı bezdirib. İndi Rusiya Ermənistanı özünün Qafqaz siyasəti üçün təhlükə kimi görür. Moskvada yaşayan ənənəvi ermənipərəst ekspertlərdən yalnız 3-4-ü əvvəlki mövqedə qalıb. Qalan bütün ekspertlər yalnız Ermənistanın ziyanına şərhlər verirlər. Hətta Yana Amelina "Ermənistan dövlətçiliyinin məhvi" terminindən istifadə edir".
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın ümumilikdə güclənməsi, müstəqil siyasət aparması, ölkə Prezidentinin yürütdüyü siyasətin konseptuallığı Rusiyada Azərbaycana qarşı münasibəti dəyişib:
Onun sözlərinə görə, bir şeyi dəqiq hökm vermək olar: "Bu gün Rusiya Ermənistanın müttəfiqi deyil. Dağlıq Qarabağ regionunda müharibənin başlanmasına Rusiyanın mövqeyi Ermənistanla əlaqəli deyil. Rusiya Dağlıq Qarabağ münaqişəsi regionundakı müharibədən yalnız və yalnız özünə görə qorxur. Dağlıq Qarabağ münaqişəsi regionunda başlayan müharibə istənilən anda Rusiyanın Şimali Qafqazına keçə bilər.
Rusiyadan bu xofu aradan götürməklə nəinki Dağlıq Qarabağ münaqişəsini, ümumilikdə erməni məsələsinin həlli istiqamətində mühüm uğur əldə etmək olar. Bu uğur Azərbaycan Prezidentinin şəxsi, siyasi tarixində ən böyük uğur olmaqla yanaşı digər vacib qələbələrin bünövrəsini qoya bilər. O zaman Avropa və ABŞ, o cümlədən qonşularımız Türkiyə və İran da Azərbaycana, onun rəhbərliyinə tamam fərqli kriteriyadan yanaşacaqlar. Bunun üçün Azərbaycan ordusunun mövqeyi gücləndirilməli, Rusiya ilə siyasi dialoq yeni elementlərlə zənginləşdirilməlidir. İranın ABŞ-a yaxınlaşması Rusiyada ciddi naraharlıq yaradıb. Bu Azərbaycan üçün ən böyük "kozır"dır". Beləliklə qeyd etmək lazımdır ki, bu gün Dağlıq Qarabağın azad edilməsi elə dövlət quruculuğu ilə bir başa bağlıdır.