Deputatlardan Avropaya etiraz
Deputatlardan Avropaya etiraz

Milli Məclisin iclasında söz alan deputat, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Parlamentinin Azərbaycanın QHT sektoru ilə bağlı tənqidlərinin əsassız olduğunu vurğulayıb: "Qətnamədə Azərbaycan prezidentinin adının hallandırılması da yolverilməzdir".

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Azərbaycan Avropa strukturları ilə münasibətlərinə yenidən baxmalıdır. O bildirib ki, ötən dövr ərzində Almaniya Bundestaqında, İtaliya parlamentində Azərbaycan həqiqətləri, torpaqlarımızın işğalı ilə bağlı qətnamələr qəbul olunub: "Bundan narahat olan erməni lobbisi yeni taktika seçdi. Guya Azərbaycanda insan haqları pozulur, problemlər var və guya Azərbaycan bu problemlərin həlli istiqamətində addım atmır. Azərbaycan Avropa Şurasına qəbul olunanda bir siyahı təqdim etdilər ki, guya siyahıdakılar siyasi məhbuslardır. Buraxdıq. Yenə təkrar siyahı çıxdı. Yəni məqsəd başqadır. Azərbaycanın dostları çoxaldığı üçün Azərbaycanın dostu olan insanlara, qurumlara qarşı fəaliyyətə başlayıblar".
Səməd Seyidov qeyd edib ki, Azərbaycan dövləti xalqın istəyi ilə Avropa strukturlarında təmsil olunur: "Ancaq bizə qarşı çox təzyiq ortaya çıxacaqsa, düşünməliyik. Ermənilər hüquqi müstəvidə Dağlıq Qarabağ müharibəsini uduzublar. Ona görə də insan haqları məsələsini qabartmağa başlayıblar".
Deputat, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib ki, Avropa Parlamentinin qətnaməsi ilə bağlı Milli Məclis mövqeyini ortaya qoymalıdır. Əli Əhmədov bunun Yeni Azərbaycan Partiyasının parlamentdəki qrupunun da mövqeyi olduğunu vurğulayıb.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Avropa Parlamentinin qərarı qərəzlidir. Onun sözlərinə görə, Avropa Parlamentinin bir qrup deputatı korrupsiyaya uğrayıb: "Bizə "Avronest" Parlament Assambleyasında təmsil olunmaq tövsiyə olundu. Bir neçə ay əvvəl Azərbaycanda bu qurumun sessiyası keçirildi, insan hüquqları ilə bağıl bir sənəd qəbul olundu. Heç o sənədə baxılmadan Avropa Parlamentində bu gün belə qərar qəbul edilib. Azərbaycan "Avronest" Parlament Assambleyasında təmsilçiliyinə yenidən baxmalıdır".
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Avropa Parlamentinin həmin iclasında 759 deputatdan yalnız 56 nəfəri iştirak edib: "Həmin deputatların da yalnız 49 nəfəri bu sənədin lehinə səs verib, 1 nəfər bitərəf qalıb, 6 nəfər əleyhinə səs verib. Azərbaycana dost deputatlar bu iclasın keçirilməsindən xəbərsiz olub. Belə də demokratiya olar?"
YAP-çı deputat Asəf Hacıyev də Avropa strukturları ilə münasibətlərə yenidən baxmağı zəruri sayıb.
Bitərəf deputat Qənirə Paşayeva deyib ki, "Avroviziya 2012" mahnı müsabiqəsinin keçirildiyi bir vaxtda Avropa Parlamentində belə bir qərar qəbul olunması təsadüfi deyil, bu qərarın arxasında erməni lobbisi, Azərbaycana qarşı olan qüvvələr durur: "Bu qərarı Azərbaycan torpaqlarının işğalına, qaçqın və köçkünlərimizin prlobleminə münasibət bildirməyənlər qəbul ediblər. Azərbaycanda qaçqın və köçkünlər ən çox haqqı tapdanan insanlardır, Ermənistan 20 ildir ki, bu insanların bütün hüquqlarını pozub. Ancaq Avropa Parlamentindəki həmin insanları qaçqın və köçkünlərin hüquqlarının pozulması maraqlandırmır. Belə bir qərarın qəbuluna ölkəmizdə sevinənlər də elə onların yanında olanlardır Azərbaycan buna etiraz etməlidir".
Bitərəf deputat Bəxtiyar Əliyev Azərbaycanda dövlətin qaçqın və köçkünlərin problemlərini yardım almadan həll etdiyini deyib. Onun sözlərinə görə, bəzi ölkələrdəki dairələr də erməni lobbisindən yararlanaraq öz əməllərini davam etdirir: "Azərbaycan açıq cəmiyyətdir, hüquqi dövlət quruculuğu gedir. Lakin Azərbaycana təsirlər var. Azərbaycan Avropaya da sübut etdi ki, demokratik cəmiyyət qurur. Azərbaycan Cənubi Qafqazda sülhün və inkişafın qarantı olan bir dövlətdir. Mən Avropadakı demokratik qüvvələrə müraciət edir, onları bu məsələyə münasibət bildirməyə çağırıram".
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, Azərbaycanla bağlı tez-tələsik iclas keçirib, qərar qəbul edilməsi anlaşılmazdır: "Bəlkə onlar "Avroviziya" müsabiqəsi ərəfəsində belə qərar qəbul etmək istəyiblər? Bu, xırda bəhanədir. Qarabağ məsələsi ilə bağlı yüz minlərlə insanın hüququ pozulub, ancaq sənədlərdə 5-6 jurnalistin hüquqlarından yazılır. Azərbaycanın heç kimin ağzına, əlinə baxmağa ehtiyacı yoxdur, qərarlarını özü verir".
Valeh Əsgərov Avropa Parlamentinin qərarından təəccüblənmədiyini də söyləyib: "Biz haqq yolundayıq. Yəqin ki, bir qərar qəbul etməliyik".