Bədbəxt hadisələrdə vətəndaşların hüquqları necə qorunur?

Hüquqşünas deyir ki, zərəri vuran tərəf ziyanı ödəmirsə, xəsarət alan vətəndaşın ona dəymiş ziyanı tələb etmək üçün "İcbari Sığorta Bürosu" adlı quruma müraciət etmək hüququ var

Yol nəqliyyat hadisəsi heç bir piyadanın sığortalanmadığı bədbəxt hadisələrdəndir. Yolu piyada zolağından keçərkən belə yol hərəkəti qaydalarını pozan hansısa avtomobilin səni vurmayacağına kimsə zəmanət verə bilməz. Vətəndaşların belə hallarda ən çox hüququnun pozulduğu hallar ona xəsarət yetirən avtmobil sahibindən lazımi kompensasiyanı, ona dəymiş ziyanı ala bilməməsidir. Təcrübə göstərir ki, bəzən belə hallarda iş məhkəməyə qədər gedib çıxır.
Hələ qəza törədən avtomobilin sığortası yoxdursa bu zaman məsələ daha da qəlizləşir. Avtomobil sahibi dəyən maddi ziyanı ödəmək iqtidarında olmadığını söyləyərək bəzən qanunla ona verilmiş cəzaya görə həbsə düşməyə belə razı olur. Bu zaman əlacı hər yerdən kəsilən zərərçəkən vətəndaş səhhətinin düzəlməsi üçün bütün xərcləri özü ödəmək məcburiyyətində qalır. Amma ekspertlər belə qəzalarda xəsarət alan vətəndaş ona dəymiş ziyanı tələb etmək üçün "İcbari Sığorta Bürosu" adlı quruma müraciət etmək hüqunun olduğunu söyləyir. Maraqlıdır, bu cür situasiya ilə üzləşən vətəndaşın hüququ qanunla necə qorunur?
Hüquqşunas Zülfiyyə Bayramova "Unikal"a bildirib ki, İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə fəaliyyət göstərir: "İcbari sığortası olmayan avtomobil tərəfindən qəza törədildikdə, qanunla onun vurduğu ziyanın bir hissəsi sözügedən təşkilat tərəfindən ödənilməlidir. Amma bunun üçün vətəndaş kompensasiya ödənişini tələb etmək hüququna malik olan şəxs İcbari Sığorta Bürosuna müəyyən olunmuş formada ərizə ilə müraciət etməlidir. Ərizə və sənədlər kompensasiya ödənişini tələb etmək hüququna malik olan şəxs tərəfindən Büroya şəxsən təqdim oluna və ya poçtla göndərilə bilər. Kompensasiya ödənişi barədə müraciət Büro tərəfindən qeydiyyata alınır. Bundan sonra müracət edən şəxsin təqdim etdiyi sənədlərə baxılır, əgər sənədlərdən hər hansı birinin çatışmadığı və ya sənədlərdəki məlumatlarda hər hansı səhv aşkar olunarsa, bu haqda müraciət edən şəxsə məlumat verilir. Müraciət edən şəxsdən müvafiq sənədləri qəbul etdikdən sonra Büro kompensasiya ödənişinin verilməsi üçün sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və zərərçəkən şəxs , həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri barədə arayışı və hadisə ilə bağlı digər sənədləri almaq üçün səlahiyyətli orqana dərhal sorğu verir. Hadisə ilə əlaqədar sənədlərdən sonuncusunun Büroya təqdim edildiyi və alındığı tarixdən 7 iş günündən gec olmayaraq Büro kompensasiya ödənişini verir, yaxud müraciət edən şəxsə kompensasiya ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verir".
Z. Bayramova deyir ki, qanunvericiliyə əsasən kompensasiya ödənişinin verilməsindən hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda, kompensasiya tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda, yol-nəqliyyat hadisəsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, zərərçəkənin həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda imtina olunur. Kompensasiya ödənişinin verilməsinə gəlincə hüquqşunas deyir ki, bu bank və ya poçt köçürməsi yolu ilə nağdsız qaydada ödənilir:" "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası qanununun 27.1.6-cı maddəsinə əsasən İcbari Sığorta Bürosu Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə aşağıdakı hallarda kompensasiya ödənişlərinin verilməsini təmin edir. Üçüncü şəxsin sağlamlığına naməlum avtonəqliyyat vasitəsilə zərər vurulduqda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda. Kompensasiya ödənişini tələb etmək və almaq hüququna zərərçəkən üçüncü şəxsyol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən fiziki şəxslər-fiziki şəxs öldüyü halda onun ailə üzvləri malikdir. Sağlamlığa dəyən zərər üzrə kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin yazılı müraciəti əsasında ödənilir. Sağlamlığa dəyən zərər şəxsin yüngül və ya ağır xəsarət alması, şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi , şəxsin ölümü aiddir. Sağlamlığa dəyən zərər üzrə kompensasiya ödənişləri-zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 5000 manat, zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi — 5000 manat. Zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlillik qrupu təvə ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması - I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə - 4000 manat, II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə 3000 manat, III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə - 2000 manat, əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu olunmadan az ağır və ya ağır xəsarət alması – 1500 manat, yüngül xəsarət alması – 750 manat ödənilir. Kompensasiya ödənişləri hesablanarkən hər hansı sığortaçı və zərərə görə məsuliyyət daşıyan şəxs tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Bir hadisə nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyin ümumi həcmi 50 000 manatı aşarsa, hər bir zərərçəkənə verilən kompensasiya ödənişi bu məbləğin, 50 000 manatın ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. "İcbarı sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda" nəzərdə tutulmuş hallarda sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə də Büro tərəfindən kompensasiya ödənişi verilir. Iştirakçı müvafiq icbari sığorta müqavilələri üzrə öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə kompensasiya ödənişlərinin verilməsi barədə "Himayəçilər Şurası" tərəfindən qərar qəbul olunur və bu halda kompensasiya ödənişləri qanunda nəzərdə tutulan qaydada həyata keçirilir". Amma hüquqşunas deyir ki, kompensasiya ödənişini almaq üçün zərərçəkən Büroya müvafiq sənədləri də təqdim etməlidir: "Bura zərərçəkən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi Sosial Ekspert Komissiyasının arayışının surəti, yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə, arvada münasibətdə nikah haqqında şəhadətnamənin surətləri, yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəbli əlaqədə olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə,arvada münasibətdə nikah haqqında şəhadətnamənin surətləri, yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldüyü halda, onun ailə üzvlərinin kompensasiya ödənişinin alınmasına dair notariat qaydasında təsdiq edilmiş birgə ərizəsi, sağlamlığa vurulan zərərlə əlaqədar zərərvuran tərəfindən zərərçəkənə hər hansı ödəmə həyata keçirildikdə bu ödəməni təsdiq edən sənəd daxildir".