Fövqəladə vəziyyətlərdə əhalinin hüquqları necə qorunmalıdır?

Paytaxtda dünən yaşayış binasında baş verən yanğın hadisəsi göstərdi ki, əhali fövqəladə hallarda necə davranmalı olduğu barədə məlumatsızdır. Hadisə baş verən gün əhalinin evakuasiyasını təmin etmək üçün iş başında olan qurumlardan narazılıq edənlər də oldu, həmin qurumları vətəndaşlarla kobud davranmaqda günahlandıranlar da.
Bu isə fövqəladə vəziyyətlərdə əhalinin hüquqlarının necə qorunmalı olduğu məsələsini bir daha gündəmə gətirdi. Qeyd edək ki, son vaxtlar dünyada baş verən təbii fəlakətlər, ixtişaşlar zamanı fövqəladə vəziyyətin elan olunması hallarına da tez-tez rast gəlinir. Bəs görəsən Azərbaycan qanunvericiliyi ilə bu məsələlər necə tənzimlənir? Hüquqşunas Müzəffər Baxışovla söhbətimiz də elə bu mövzuda oldu. M.Baxışovun sözlərinə görə, bu məsələ Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Hüquqşunas deyir ki, bu qanunun ilk maddəsində göstərilib ki, Fövqəladə vəziyyət Azərbaycan Respublikasının Konstitusiyasına və bu qanuna uyğun olaraq, Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin bu qanun ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimdir: "Fövqəladə vəziyyət müvəqqəti tədbirdir və fövqəladə vəziyyətin tətbiq edilməsində məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılması, qanunçuluğun bərpa edilməsi, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir. Fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsaslar Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsi ilə müəyyən edilir".
Hüquqşunas deyir ki, bu qanunun 22-ci maddəsində fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində bütün hüquqi və fiziki şəxslərin əmlak və sosial hüquqlarının təminatları öz əksini tapıb: "Bu qanunun 8.0.21-ci maddəsinə əsasən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında əməyə görə ödəniş verilir. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada yaşayış yerləri verilir, dəymiş maddi zərər ödənilir, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilir. Bu qanunun 8.0.19-cu maddəsinə əsasən əmlak və resursları sərf olunan təşkilatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dəymiş zərərin ödənilməsi hüququna malikdirlər"
Hüquqşunas deyir ki, fövqəladə vəziyyət şəraitində tətbiq olunan tədbirlər və müvəqqəti məhdudiyyətlər də qanunda öz əksini tapıb. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı tədbirlərin və müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutula bilər:"Qanunun 3-cü fəslinin 8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də yerli özünüidarə orqanlarının səlahiyyətlərinin tam və ya qismən dayandırıla bilər. Eyni zamanda vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejim müəyyənləşdirilə bilər. İctimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi,ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə qadağan və ya məhdudiyyət qoyulması da bu qanunun tələbinə aiddir. Bu maddənin 8.0.7 bəndinin tələbində bildirilir ki, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilə bilər. Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanılması, partlayıcı, radioaktiv, eləcə də təhlükəli kimyəvi və bioloji məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin tam və ya qismən dayandırılması, fövqəladə hallarla əlaqədar olaraq, maddi və mədəni sərvətlərin məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında təhlükəsiz rayonlara köçürülməsi, komendant saatının tətbiqi, yəni vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlər və xüsusi icazə vərəqələri olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi, şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə, ilkin senzuranın tətbiqi vasitəsilə mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması, səs-ucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti götürülməsi, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının müəyyən edilməsi, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması da qanunun tələblərinə daxildir. 8.0.14. bəndində qeyd olunub ki, fövqəladə vəziyyət şəraitində tətbiq olunan tədbirlər və müvəqqəti məhdudiyyətlər əvətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərin, onların şəxsi əşyalarının və mənzillərinin yoxlanılması, . silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatlarının, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların dövriyyəsi üzrə xüsusi rejimin yaradılması; müstəsna hallarda, fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti
götürülməsinə yol verilməsi, fövqəladə vəziyyət rejimini pozan və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin onların öz hesabına, maddi imkanları olmadıqda isə dövlət büdcəsinin vəsaiti hesabına həmin ərazinin hüdudlarından çıxarılması, stasionar və ya müvəqqəti yaşayış yerləri ilə mütləq şəkildə təmin olunması şərti ilə əhalinin yaşayış üçün təhlükəli olan rayonlardan müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi, karantin tətbiq edilməsi, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin həyata keçirilməsi, dövlətin maddi ehtiyatlarının cəlb edilməsi, mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslərin resurslarının səfərbər olunması, onların iş rejiminin dəyişdirilməsi, göstərilən təşkilatların istehsalının fövqəladə rejim şəraitinə uyğunlaşdırılması və fövqəladə rejim şəraitində istehsal-təsərrüfat fəaliyyətinin münasib surətdə dəyişdirilməsi, fövqəladə vəziyyətin qüvvədə olduğu dövr ərzində öz vəzifələrini layiqincə yerinə yetirməyən dövlət təsisatlarına rəhbərlik edən şəxslərin vəzifədən azad edilməsi və vəzifələrin müvəqqəti icrası üçün başqa şəxslərin təyin olunması da daxildir. Əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərtilə qəzaxilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müstəsna hallarda, əmək qabiliyyətli əhalinin səfərbər olunması və vətəndaşların nəqliyyat vasitələrinin cəlb edilməsi, rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara riayət olunması, fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi qanunda öz əksini tapıb.