Azərbaycanda ailə hüquqları necə qorunur?

Elgün Səfərov: " Konstitusiya və Ailə Məcəlləsi ailələrin hüquqlarını qoruyur"

Ölkəmizdə ailə ən müqəddəs institut sayılır.İllərdir ki, Azərbaycan başqa ölkələrə öz ailə modeli ilə bir nümunə göstərilir. Hər il may ayının 15-i dünyada– Beynəlxalq Ailə günü kimi qeyd olunur.Bəs görəsən Azərbaycanda qanunlar ailə hüququnu qoruya bilirmi?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azərbaycanda həm Konstitusiya həm də Ailə Məcəlləsinin ailələrin hüquqlarını qoruduğunu söyləyir.E. Səfərov deyir ki, ölkəmizdə ailə dəyərlərinin yüksək olması özünü qanunlarda, Konstitusiyada da göstərir: "Azərbaycan Konstitusiyasının 17-ci maddəsi ailə məsələlərinə həsr olunub. Konstitusiyanın 17-ci maddəsində ailə ilə dövlətin bir-birilə münasibətləri təcəssüm olunub. Burada cəmiyyətin əsas özəyi olaraq ailənin dövlətin xüsusi himayəsində olduğu göstərilir. Uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur, onun yerinə yetirilməsinə də nəzarəti dövlət həyata keçirir. Bu konkret olaraq bir maddədə öz əksini tapıb. Konstitusiyanın əsas hüquq, azadlıqlar və vəzifələri nəzərdə tutan 3-cü fəslində də vətəndaş hüquqları ilə bağlı konkret müddəalar nəzərdə tutulub. 34-cü maddədə ailə ilə bağlı nikah hüququ nəzərdə tutulur. Nikahın könüllülük prinsipilə qurulması, heç kəsin zorla nikaha daxil olmasına imkan verilməməsi kimi müddəalar da yer alıb. Konstitusiyamızın 34-cü maddəsində göstərilib ki, nikah və ailə dövlətin himayəsindədir.Həmin maddənin 3-cü bəndində analıq, atalıq, uşaqlıq hüquqlarının qanunla mühafizə edildiyinin qeyd edilməsi ailənin dövlət tərəfindən tam şəkildə qorunduğunun rəmzidir. Bundan başqa, əsas qanunumuzda ərlə arvadın bərabərliyi, bərabər hüquqluğu nəzərdə tutulub.Konstitusiya aktında birbaşa yazılır ki, ərlə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərinin həm hüququ, həm də borcudur. Bundan başqa həmin maddədə valideynlərin də əmək qabiliyyəti pozulduqdan sonra böyüdüb boya-başa çatdırdığı uşaqlarından hər hansısa formada özünün saxlanılması və yaşadılmasını tələb etmək hüququ var.Ümumi götürsək, Konstitusiyanın istər sosial təminat, istərsə mənzil hüququ, habelə təhsil, istirahət hüquqları, bunların hamısı ailənin bir növ qorunması və möhkəmlənməsinə xidmət edən maddələrdir".
E. Səfərov deyir ki, Konstitusiyanın bu kimi müddəalarından başqa, Azərbaycanda Ailə Məcəlləsi də mövcuddur.Burada ailə və ona bağlı hüquqlar daha da genişlənərək konkretləşib: "Ailə Məcəlləsinin ikici fəsli Ailə hüquqlarının həyata keçirilməsi və mübadiləsini özündə etiva edir. Bu fəslin 6-cı maddəsində göstırilib ki, vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 7-ci maddədə qeyd olunub ki, ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qaydada müdafiə olunur. Pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur.İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur.Nikah bağlanması və nikaha xitam verilməsi bəndində nikahın bağlanma qaydası,nikahın yaşı, nikahın bağlanma şərtləri, nikahın bağlanmasına mane olan hallar, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin hüquqi aspektləri öz əksini tapıb.
E. Səfərovun sözlərinə görə, bu qanunda nikaha xitam verilməsinin hüquqi əsasları da əks olunub: "15-ci maddədə ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması, 16-cı maddədə nikaha xitam verilməsi qaydası, müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi, digər maddələrdə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması zamanı ər-arvad arasında yaranan mübahisələrə baxılması, nikahın məhkəmə qaydasında pozulması, ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması, ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması, nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər, nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı hüquqi baxımdan göstərilib. Bütün bu qanunlar nikaha xitam verilərkən ər və arvadın hüquqlarının qorunmasını təmin edir".
Komitə səlahiyyətlisi deyir ki, Ailə Məcəlləsinin 25-ci maddəsi nikahın etibarsız sayılmasına həsr edilib.E. Səfərovun sözlərinə görə, bu gün Ailə Məcəlləsi demək olar ki, tam olaraq ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyini qoruyur: "29-cu maddədə göstərilib ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar".
E. Səfərovun sözlərinə görə, Ailə Məcəlləsinin 31-ci maddəsi ər-arvadın əmlakının qanuni rejimini əhatə edir: "32-ci maddədə göstərilib ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Bundan başqa qeyd olunub ki, Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36-cı maddədə ər-arvadın ümumi əmlakının bölünməsi qaydaları əks olunub. Bu maddədə göstərilir ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. . Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Bundan əlavə dördüncü bölmədə ailədə uşaqların hüquqları da öz əksini tapıb. Ailə Məcəlləsi demək olar ki, bütünlüklə ailə üzvlərinin hüquqlarını qoruyur".