İaşə və xidmət müəssisələrində işçilərin hüquqları pozulur

Sahib Məmmədov: "Əmək Məcəlləsində iş saatı altı, yeddi həftəlik qrafikə əsasən 6-7 saat müəyyənləşdirilsə də, bəzi özəl iaşə obyektlərində işçilərin əmək hüquqlarının kobud şəkildə pozulması hallarına rast gəlinir"

Bir müddət öncə Nazirlər Kabineti Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə sərəncam verdi.
Sərəncamda qeyd edilir ki, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalısan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə təşkil edilməlidir. Artıq əksər müəssisələrdə işçilərin iş vaxtına dəyişiklik edilib. Dövlət müəssisələrində iş vaxtı NK-nın sərəncamına uyğun qrafiklə dəyişdirilsə də, məlumatlara görə, özəl müəssisələrdə Birinci Avropa Oyunlarının keçirilməsi əsas gətirilərək iş saatları artırılıb. Bu cür hallara əsasən ictimai iaşə obyektlərində, xidmət sahələrində rast gəlinir. Bəzi özəl müəssisələrdə işçilər iş saatından artıq işlədilir. İaşə obyektlərinin bəziləri ölkəyə turistlərin gəlişi ilə əlaqədar gecə saatlarında da xidmət göstərəcək. Bir sıra xidmət müəssisələri iş saatlarının oyunlar başlayan ərəfədə gecə saatlarınadək uzadılacağı barədə indidən işçiləri məlumatlandırıblar. Əmək Məcəlləsində iş saatı altı, yeddi həftəlik qrafikə əsasən 6-7 saat müəyyənləşdirilsə də, bəzi özəl iaşə obyektlərində işçilərin əmək hüquqlarının kobud şəkildə pozulması hallarına rast gəlinir. Hüquqşunaslar da bəzi özəl müəssisələrdə işçilərin iş saatı ilə bağlı əmək hüquqlarının tapdandığını söyləyirlər.Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyir ki, Əmək Məcəlləsində iş vaxtının növləri və tənzimlənməsi qaydaları öz əksini tapıb: "Əmək Məcəlləsinin 89-cu maddəsində göstərilib ki, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz. Əmək Məcəlləsində göstərilir ki, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. İş vaxtının rejimi qaydaları gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması,işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı,növbə sənədləri və onların tərtibi,bir növbədən digər növbəyə keçirilmə,iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri ilə təsdiq edilir.Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər.Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat dövrü bir ildən artıq, gündəlik işin müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir".
S. Məmmədov deyir ki, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Onun sözlərinə görə, Əmək Məcəlləsində gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilərlə bağlı xüsusi maddə var: "Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır".
S. Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsinin 99-cu maddəsində iş vaxtından artıq işə hansı hallarda yol verildiyi əks olunub: " İş vaxtından artıq iş işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin "Əməyin mühafizəsi" bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı,əməyin təhlükəsizliyini təmin etməlidir. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. İş vaxtından artıq işlərə yalnız müstəsna hallarda yol verilir. Bunlara dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə, su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün, başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda, işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda, əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda, İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur".
S.Məmmədov qanunvericilikdə nəzərdə tutulan bu hallar olmadıqda iş vaxtının artırılaraq qarşılığının ödənilməməsini işçinin hüququnun pozulması kimi dəyərləndirildiyini söyləyib.