Ailələrdə narkomaniyanın qurbanı olan uşaqların hüquqları

Leyla Yolçiyeva: "Valideynlərin narkotiklərə aludəçiliyi uşaqları fiziki və cinsi istismarla nəticələnən cinayətkar davranış və təhlükəli insanların əməllərinə məruz qoyur"

Uşaqların hüquqlarının qorunması ilə bağlı çox danışsaq da bəzən gələcəyimiz olan uşaqların hüquqlarını elə özümüz, biz valideynlər pozuruq. Onları həyatımızın bir parçası, yaşamaq səbəbimiz hesab etsək də, bəzən bilərəkdən, bəzən də bilməyərəkdən onların hüquqlarını kobud şəkildə tapdalayırıq. Aparılan araşdırmalar göstərir ki, bu gün narkotik aludəçisi olan valideynlərin ailəyə, uşağa münasibəti, davranışı həmin ailənin kiçik üzvünün cəmiyyətə yararlı insan kimi yetişməsinə, onun təhsilli, tərbiyəli bir şəxsiyyət olaraq yetişməsinə mane olmaqla yanaşı, cinayətə əl atmasına belə səbəb olur.
Bir sözlə ailə üzvlərindən biri, əsasən də ailə başçısı narkotik maddə istifadəçisi olan ailələrdə uşaqlar nəinki psixoloji zərbəyə məruz qalır, onların təhsil almaq hüququndan tutmuş valideyn qayğısı ilə əhatə olunmaq hüququnadək hələ onlar kiçik yaşlarda olarkən pozulur. Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva ilə söhbətimiz də elə bu mövzuda oldu.
- Belə bir deyim var: "Valideynlərimizi biz seçmirik". Yəni valideynin yaxşı, yaxud pis olmasında uşağın heç bir günahı yoxdur. Amma təcrübə göstərir ki, bəzən valideynin günahı, uşağa qarşı səhv davranışı onun yaşam tərzinin dəyişməsinə, şəxsiyyət kimi yetişib həm özünə həyatda lazımi yer tutmasına, həmçinin də, cəmiyyət üçün yararlı vətəndaş olmasına əngəl törədir. Bu cür hallara əsasən valideynlərindən biri narkotik maddə aludəçisi olan ailələrdə rast gəlinir. Ümumiyyətlə narkoman insanın tərbiyəsi, onunla bir ortamda böyüyən uşaqların hüquqları hansı hallarda pozulur?
- Uşaq hüquqları haqqında Konvensiyanın 24-cü maddəsində "uşağın ən yüksək əlçatan səviyyədə standarta uyğun sağlamlıq və xəstəliyin müalicəsi və sağlamlığın bərpası üçün müvafiq xidmətlərdən yararlanmaq hüququ" nəzərdə tutulur. Ailədə narkotiklərdən istifadə halları və problemləri arasında bağlılıq müəyyən olunsa da, bu bağlılığa görə cavabdeh olan həqiqi səbəbli mexanizmlər çox mürəkkəbdir və bəzən ilk meydana çıxdığı kimi olmur. Çox vaxt yoxsulluq, ayrı-seçkilik, məişət zorakılığı və əqli sağlamlıq məsələlərindən doğan ailə problemləri yanlış olaraq yalnız hər hansı bir ailə üzvünün narkotiklərdən istifadəsi ilə əlaqələndirilir. Araşdırmalar narkotiklərdən sui-istifadə və uşaqlarla sərt davranma arasında güclü əlaqənin olduğunu göstərir. Valideynin narkotiklərdən sui-istifadəsi və onlardan asılılığı uşaqların fiziki və emosional vəziyyətinə mənfi təsir göstərir və evdə uşaqlarla pis rəftara gətirib çıxaran xaotik və bəlli olmayan mühitlərin yaranmasına səbəb ola bilər. Valideynlərin hamiləlik vaxtı marixuanadan istifadəsi qəfil körpə ölümü sindromu üçün daha yüksək risklə və daha zəif hərəkət vərdişləri ilə əlaqələndirildiyi halda, amfetamindən istifadə isə uşağın salınması ilə bağlı daha yüksək risk, doğularkən aşağı çəki və doğularkən abstinensiya sindromuna yol açır. Prenatal mərhələdə kokain qəbulu vaxtından əvvəl doğuş, doğularkən aşağı çəki və sonra isə inkişafla bağlı problemlərin səbəbi ola bilir. Valideynin narkotiklərdən sui-istifadəsi bir çox şəkildə uşağın qeydinə qalmama hallarına gətirib çıxara bilər. Narkotiklərdən sui-istifadə edən valideynlər əsas ehtiyacları ödəmək üçün gərəkli olan pulu narkotik və spirtli içki almaq üçün sərf edə bilərlər; onlar bir iş yerində qalmaq iqtidarında olmurlar və öz uşaqlarını kifayət qədər qidalanmama, xəstələnmə, qəzalarda xəsarət alma, məktəbə getməmə və cinayət törətmə riski altında qoyaraq emosional və fiziki baxımdan uşaqlarının qeydinə qala bilmirlər. Nəhayət, valideynlərin narkotiklərə aludəçiliyi uşaqları fiziki və cinsi istismarla nəticələnən cinayətkar davranış və təhlükəli insanların əməllərinə məruz qoyur. Belə olan halda, uşaqların fiziki və emosional ehtiyacları çox vaxt valideynlərin narkotik və spirtli içkilər əldə etmə, onlardan istifadə etmə və ya müalicə ilə bağlı hərəkətlərinin fonunda arxa plana keçir.
- Bu cür münasibət uşaqlarda özünü necə biruzə verir?
- Digərlərinə qarşı inamdan məhrum ola və yaşlı insanlardan öyrənməyə daha az həvəs göstərə bilirlər. Digərlərinin emosiyalarını başa düşməkdə, öz emosiyalarını tənzimləməkdə və ya digərləri ilə münasibətlər yaratmaqda və saxlamaqda çətinliklə üzləşirlər. Məhdud peşmançılıq və təəssüf hissinə malik olurlar, bu da o deməkdir ki, onlar öz hərəkətlərinin yanlış olduğunu hiss etmədən digərlərinə zərər vura bilərlər. İnam və ya sosial vərdişlərin olmadığını göstərirlər, bu da onların məktəbdə, işdə və münasibətlərdə uğur qazanmalarına mane ola bilir. Bir kəsin digərləri, habelə digərlərinin emosiyaları barədə məlumatsız olması ilə səciyyələnən natamam sosial şüura malik olduqlarını göstərirlər. Natamam sosial şüur şəxsin bir çox sosial əlaqələrə gərgin məqamlar kimi baxmasına gətirib çıxara bilər. Emosional, elmi və inkişafla bağlı problemlərə malik olurlar. Depressiya və narahatlıq simptomlarına məruz qalırlar.Psixoloji pozğunluq hallarından əziyyət çəkirlər. Davranışlarında problemlərin olduğunu biruzə verirlər. Məktəbdə nailiyyətlə bağlı sınaqlarda daha aşağı qiymət alırlar. Məktəbdə digər problemlərə malik olurlar.
- Ümumiyyətlə, beynəlxalq təcrübədə narkoman kimi həyat tərzini seçən valideynlərə uşaqların hüquqlarının pozulmaması üçün hər hansısa sanksiya tətbiq edilirmi?
- Hamiləlik vaxtı narkotiklərlə bağlı testlər və spirtli içki və ya narkotik qəbul edən analara qarşı sanksiyaların tərəfdarı olanlar belə iddia edirlər ki, belə təcrübələr doğulmamış uşağın hüquqlarını müdafiə etmək üçün zəruridir. Lakin, bu siyasətlərə qarşı çıxanlar, belə söyləyirlər ki, bunlar hüquqi baxımdan qeyri-praktikdir və ayrı-seçkiliyə yol verməkdir, onlar anaların hüquqlarını pozurlar və onlar yekunda narkotik aludəçisi olmuş valideynlərin uşaqlarına daha böyük ziyan vura bilər.
- Həmin uşaqların hüququnun qorunması baxımından uşağı narkoman valideyndən ayırmaq metodu uğurlu sayıla bilərmi?
- Narkotiklərdən sui-istifadənin təsirinə məruz qalmış ailələr hökumətin narkotiklərlə mübarizə strategiyasında mərkəzi yer tutur. Bu strategiyada ən mürəkkəb ehtiyacları olanlara dəstək göstərmək və onların uşaqlarına həyatda daha yaxşı başlanğıcı təmin etmək öhdəliyi bəyan edilir. Narkotiklərdən sui-istifadə edən valideynlərin uşaqları üçün müalicə bir müdafiə faktorudur. Narkomaniyanın doğurduğu problemlər bir çox valideynləri kömək axtarmağa sövq edəcəyi halda, müalicəyə başlama onların özləri və uşaqları üçün böyük faydalara malikdir. Onların həyatları daha stabil olur və onlar öz geniş tərkibdə problemlərini həll etmək üçün dəstək ala bilərlər və onlara ailələrinə daha yaxşı baxmaq üçün kömək edilir. Lakin, narkotiklərdən sui-istifadə nadir hallarda ailədəki çətinliklərin yeganə səbəbi olur, o, adətən narkotiklərdən sui-istifadədən asanlıqla ayrıla bilinməyən, yoxsulluğu, sosial təcrid olunmanı, əqli sağlamlığın pozulmasını və işsizliyi də əhatə edən eyni vaxtda mövcud olan problemlərin bir hissəsi olur. Narkotiklərlə bağlı ciddi problemləri olan bir çox valideynlər artıq öz uşaqları ilə yaşamırlar (onların qayğısına adətən digər ailə üzvləri və ya yerli orqan qalır) və onlardan bəziləri müalicə almağa meylli olurlar. Narkotiklərdən müalicə valideynlərə bu aludəçilikdən qurtulmaq və öz uşaqlarına daha yaxşı baxmaq imkanını verir. Öz uşaqları ilə yaşayan valideynlər hər il daha böyük templə öz müalicələrini başa vururlar. Müalicə baxımından bunu gərəkli şəkildə etməyən valideynlər üçün davamlı dəstək və müalicə olunmaq imkanları vacibdir, ona görə ki, narkotiklərdən müalicə onların özləri və ailələri üçün bir müdafiə faktorudur. Düzgün hədəf seçilmiş erkən müdaxilə də müalicənin və ailə dəstəyi ilə bağlı xidmətlərin narkotik problemi olan valideynlərə və onların uşaqlarına müsbət təsiri maksimum dərəcəyə çatdıra bilir.
Narkomaniya problemləri və müdafiə xidmətləri göstərilən uşaqların problemləri təcrid olunmuş şəkildə həll edilə bilməz. Narkotiklərdən müalicə qurumları yerli qurumların uşaq və ailə xidmətləri və digər yardımçı xidmətlərlə sıx şəkildə işlədiyi halda daha çox insan bu bəladan qurtula bilər. Lakin, həqiqətən qadınlar üçün, xüsusən də qadınlar və onların uşaqları üçün nəzərdə tutulan xidmətlərin kifayət qədər olmadığı müəyyən edilmişdir. Ayrılıqda narkotiklərdən sui-istifadə və uşaqları müdafiə sistemləri heç bir məqsədə, yanlış rəftar və diqqətdən kənarda qalan uşaqların ümumi problemlərini həll etmək üçün planlaşdırılmış tərəfdaşlığa yönəlmə-mişdir. Ümumi mənzərəni nəzərdən keçirmək vacibdir: uşaqların ehtiyacları, valideynlərin ehtiyacları və hər bir uşağı təhlükəsiz, sağlam və daimi evlə təmin edə biləcək məsrəf baxımından effektiv xidmətlər.
- Bəs bu uşaqlar üçün necə müdafiə mühiti yaratmaq olar?
- Uşaqlar üçün müdafiə mühitini yaratma və gücləndirmə bir çox səviyyələrdə tədbirlərin görülməsini tələb edir, bunun üçün də öz növbəsində ümumi təhlillərə əsaslanan dialoq, tərəfdaşlıqlar və əlaqələndirmə tələb olunur. Onun bir çox komponentləri, əsas xidmətləri təkmilləşdirmə, nəticələrin monitorinqini aparma və fərdləri öz inkişaflarında iştirakçılar kimi qəbul etmə kimi ənənəvi inkişaf tədbirlərinə uyğun gəlir. Müalicə, əqli sağlamlıqla bağlı məsləhətlərin verilməsi, məşğulluq, təhsil, sağlam həyat vərdişləri, valideynlik və ailənin möhkəmliyi kimi sahələrdə fərdi və birgə terapiya vasitəsilə həm anaların, həm də onların uşaqlarının ehtiyaclarının eyni vaxtda həll edilməsi olduqca vacibdir. Bu xidmətlər anaların və onların uşaqlarının terapevtik mühitdə yaşadıqları və müvəqqəti sığınacaq, qida, əyləncə xidmətləri ilə təmin olunduqları yaşayış modelində və narkomanlıqdan müalicə mərkəzlərinə köçürməklə göstərilə bilər.
- Bizdə olan məlumata görə, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi "Ailədə və cəmiyyətdə narkomanlıqdan əziyyət çəkən uşaqların və qadınların hüquqlarının müdafiəsi" ilə bağlı kitab çap edib. Bu kitabda nələr öz əksini tapıb?
- Doğrudur, "Ailədə və cəmiyyətdə narkomanlıqdan əziyyət çəkən uşaqların və qadınların hüquqlarının müdafiəsi adlı kitabça nəşr etmişik. Sizinlə söhbətdə də məhz bu kitabda əks olunanlar barədə də danışmışam.