Müasir və müstəqil Azərbaycan dövlətinin banisi, bütün həyatını xalqına, Azərbaycan dövlətinin inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi xalqımızın əvəzsiz və tükənməz sərvətidir.  Dahi şəxsiyyətin Vətəni və xalqı qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə xatırlanır. Hər il olduğu kimi, bu il də mayın 10-da xalqımız Ulu Öndərin xatirəsini böyük ehtiramla yad edir.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının şəxsi heyəti, hərbi qulluqçular, idarə və müəssisələrin kollektivi, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və ictimaiyyət nümayəndələri dahi şəxsiyyət, fenomenal lider, xalqımızın Ümummilli Lideri Heydər Əliyevə olan sevgisini, bağlılığını, sədaqətini və ehtiramını bildirməkdən ötrü səhər saatlarında Lənkəran şəhər Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər, dahi şəxsiyyətə hörmət və ehtiramlarını ifadə ediblər. 

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı rayon ərazisində təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və digər sahələrdə  fəaliyyət göstərən idarə və təşkilatlarda müxtəlif silsilə tədbirlər keçirilib, Ulu Öndərin həyat və fəaliyyəti, xalqı və dövləti üçün gördüyü əvəz olunmaz işlər barədə gənclər, yeniyetmələr və ictimaiyyət arasında maarifləndirmə davam etdirilib. 

Gün ərzində ictimaiyyət tərəfindən Ulu Öndərin abidəsinin və Heydər Əliyev muzeyinin ziyarəti davam etdirilib.